YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Strateji tərəfdaşlığın yeni mərhələsi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan xarici siyasətində ikitərəfli əlaqələrin inkişafını daim prioritet məsələ kimi öndə saxlayır. Qarşılıqlı səfərlərin bu əlaqələrin inkişafında önəmini nəzərə alsaq dövlət başçısı İlham Əliyevin gerçəkləşdirdiyi səfərlərin hər birinin ölkəmizlə bağlı həqiqətlərin təqdimatında rolu özünü daha qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyev sentyabrın 30-da Bolqarıstana rəsmi səfər etdi. 

Səfərin məqsədinin, mahiyyətinin və yekun nəticənin təqdimatı kimi dəyərləndirilən Prezidentlərin mətbuata bəyanatında iki dost ölkənin münasibətlərinin dünəninə baxış əsasında bu günü və gələcəyi barədə aydın təsəvvür yaradan Bolqarıstan Prezidenti Rumen Radev bildirdi ki, cənab İlham Əliyevin bu rəsmi səfərinin ikiqat rəmzi var.  Birincisi, iki dost ölkə diplomatik münasibətlərinin qurulmasının 30 illliyini qeyd edir. İkinci məqam isə dövlət başçısı İlham Əliyevin səfəri çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışının olmasıdır.

Diplomatik münasibətlərin 30 illiyi iki ölkə arasında əlaqələrin inkişafı barədə təsəvvür yaradır. Ən əsas imzalanan sənədlərin münasibətlərin yeni mərhələdə inkişafında hüquqi baza rolunu oynadığını nəzərə alsaq bu baxımdan 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasının hazırkı münasibətlərdə rolu daha aydın görünər. Prezidentlərin mətbuata bəyanatlarında qeyd edildiyi kimi, bu Bəyannamə həm əlaqələri yüksək səviyyəyə qaldırdı, eyni zamanda, sənəddə təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapdı. Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Bolqarıstan Prezidenti onu da bildirdi ki,Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru elə bir infrastruktur layihəsidir ki, biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik: “Mən cənab Əliyevə təşəkkür edirəm ki, biz bu məsələyə sadiqlik və əzm sayəsində, vaxtilə imzaladığımız strateji tərəfdaşlıq haqqında Bəyannamə əsasında bu gün münasibətlərimizi inkişaf etdiririk.”

Bugünkü yeni geosiyasi vəziyyətdə nəqliyyat təhlükəsizliyi də önəmli məsələlərdəndir. Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu enerji resurslarından səmərəli istifadə ölkəmizin yeni-yeni əməkdaşlıq təşəbbüslərinə imkanlar açmaqla yanaşı, tranzit ölkə kimi mövqelərinin möhkəmlənməsində də əhəmiyyətli rol oynayır. Görülmüş tədbirlər nəticəsində bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Bunu həm Azərbaycan vətəndaşları görür, eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatların reytinqlərində daim yüksək yerlər tutur. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına diqqət yetirək.  Ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylərin, düşünülmüş siyasətin nəticəsidir. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. Dövlət başçısı İlham Əliyev səfər zamanı keçirdiyi görüşlərdə Azərbaycanın transit imkanlarından da bəhs edərək bildirdi ki, ölkəmiz öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır. Dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı, bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaq.

Ölkə Prezidenti səfər çərçivəsində Bolqarıstanın bir neçə aparıcı şirkətinin rəhbərləri ilə də görüşdü. Görüşün bütövlükdə iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox önəmli rol oynayacağına əminliyini ifadə edən cənab İlham Əliyev, həmçinin Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələrini işğaldan azad edilmiş ərazilərdə görülən işlərlə məlumatlandırdı. Bu ərazilərdə genişmiqyaslı quruculuq-abadlıq işlərinin aparıldığı, Azərbaycanın dost ölkələrin şirkətlərini orada görmək istəkləri bir daha vurğulandı.

Göründüyü kimi, dövlət başçısı İlham Əliyevin Bolqarıstana səfəri çox zəngindir. Hər bir görüş, müzakirə olunan məsələ əlaqələrin inkişafında yeni mərhələyə doğru atılan addımdır. Diplomatik münasibətlərinin 30 ilini arxada qoyan Azərbaycanla Bolqarıstan strateji tərəfdaşlığın yeni mərhələsindədirlər.