Xəbərlər
“Bakı-2015”: Yevlaxlıların məşəl sevinci
Son illərdə gözəlləşən, müasirləşən, tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Yevlax şəhəri bayram libasına bürünüb. Birinci Avropa Oyunlarının məşəl estafetinin qarşılanacağı Kür çayı sahilindəki Bulvar İstirahət Kompleksində qələbəlik idi. Hamı “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdi.
Avropa Oyunlarının məşəli mayın 13-də günorta Yevlax şəhərinə gətirildi. Sambo üzrə 3 dəfə ölkə çempionu olmuş Aslan Mirzəyev həmyerlilərinin alqış sədaları altında məşəli qəbul edərək, nəzərdə tutulan marşrut üzrə hərəkətə başladı. On məşəlçi 3 kilometrə yaxın məsafədə məşəli növbə ilə bir-birinə ötürərək, Ceyhun Mustafayev küçəsi və Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına gəldilər. Sonuncu yürüşçü – Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Ariz Mikayılov burada qurulmuş səhnəyə qalxaraq məşəli alovlandırdı. Birinci Avropa Oyunlarının məşəli ilə yandırılan çıraq isə mərasim iştirakçılarının alqışları altında rayon ictimaiyyətinə təqdim edildi. Çıraq birinci Avropa Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Respublikanın və rayonun incəsənət ustalarının konsert proqramı yevlaxlıların məşəl sevincini daha da artırdı.
İlk Avropa Oyunlarının məşəli günün ikinci yarısı Yevlaxdan qədim Nüşabə yurdu Bərdəyə yola salındı.