YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Bolqarıstan münasibətləri inkişaf etməkdədir

Varis Rüstəmov

YAP Sabirabad rayon təşkilatını sədri

Son zamanlarda Rusiya – Ukrayna müharibəsi fonunda Avropada enerji böhranının yaşandığı dövrdə Azərbaycanın Avropa üçün əhəmiyyəti daha da artmaqdadır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin işə düşməsi Azərbaycanı Avropanın enerji təminatında mühüm aktorlardan birinə çevirib. Bu il iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanması bunun bariz nümunəsidir. Azərbaycan təbii qazından faydalanacaq Avropa ölkələrindən biri də Bolqarıstandır. Oktyabrın 1-də açılışı olan və Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan – Bolqarıstan İnterkonnektoru bu ölkənin Azərbaycan qazı ilə təchizatı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan təbii qazının Bolqarıstana çatdırılması ilə ölkələrimiz arasında münasibətlər yeni müstəviyə keçəcək. IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Boru xəttinin illik ötürmə gücü 3 milyard kubmetr təşkil edəcək. Perspektivdə bu göstərici ildə 5 milyard kubmetrədək artırıla bilər. Beləliklə, Azərbaycan təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyəcək. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Göründüyü kimi, dünyada baş verən enerji böhranı Azərbaycan qazına tələbatı artırır. Azərbaycan Avropa məkanında əməkdaşlığını həm də elektrik enerjisi sahəsində də inkişaf etdirir. Qarşılıqlı əməkdaşlıq çərçivəsində SOCAR vasitəsilə Bolqarıstanın enerji infrastrukturunun yenilənməsi istiqamətində işlərin görülməsi planlaşdırılır.

Son illərdə Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlər 1992-ci ildə qurulmuşdur. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Jelyu Jelevin dəvəti ilə Sofiyaya rəsmi səfəri zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanmışdır. Dövlətlərarası əlaqələrimizə təkan vermiş bu səfərdən sonra Azərbaycan-Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf etmişdir. Azərbaycan – Bolqarıstan  münasibətləri ölkə başçısı İlham Əliyevin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı imzalanmış “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə yeni mərhələyə başlamışdır. Azərbaycan – Bolqarıstan arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur. Nəqliyyat sahəsinin inkişafı da hər iki ölkə üçün önəmli faktordur. Bu baxımdan Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi həm Azərbaycan Respublikası həm də, Bolqarıstan Respublikası üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş kimi, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırır. Azərbaycanla Bolqarıstan arasında elm və təhsil sahəsində də geniş əlaqələr mövcuddur. Bütün bunlar onu deməyə əsas verir ki, dərin köklərə malik Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.

DİGƏR Xəbərlər Arxiv