YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər tariximizin Cəbrayıl səhifəsi

Bəxtiyar Mustafayev

YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini

2021-ci il oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, bu gün bizim tariximizdə əbədi qalacaq. Çünki 2020-ci ilin oktyabr ayının 4-də əldə olunmuş Qələbənin, Cəbrayılın işğaldan azad edilməsinin çox böyük əhəmiyyəti var idi. Artlq müharibənin ilk günündə Cəbrayılın iki kənd – Böyük Mərcanlı və Nüzgar kəndləri işğalçılardan azad edilmişdi. Oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun daha bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin - Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara Azərbaycan Ordusunun uğurlu hücumları mümkün oldu. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Hazırda azad edilmiş ərazilərdə görülən yenidənqurma işləri, həyata keçirilən infrastruktur layihələr bütün regionun gələcək inkişafına hesablanmış tədbirlərdir. Həmçinin “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Eləcə də “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir.

Önəmli hadisələrdən biri keçən il Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi oldu. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işləri görülüb. Laçın və Kəlbəcər rayonlarında hazırda su elektrik stansiyalarının bərpası işləri gedir. Artıq bir neçə stansiya işə başlayıb. Qeyd olunmalıdır ki, Cəbrayıla çəkilən 4-6 zolaqlı yol buraya gələn vətəndaşların rahat gəlməsini və buradan keçən Zəngəzur dəhlizindən istifadə etməsini təmin edəcəkdir.

Prezident İlham Əliyevin işğaldan sonra Cəbrayıla etdiyi hər səfəri zamanı bir neçə obyektin təməli qoyulub. Bu obyektlərin inşası və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər öz həllini tapacaq. İlk növbədə, təhlükəsizliklə bağlı tədbirlər. 2021-ci ilin oktyabrın 4-də Prezident Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını etdi. Orada nümayiş etdirilən ən müasir silahlar, sursatlar bizim sərhədlərimizi möhkəm, lazımi səviyyədə qorumaq üçün geniş imkanlar yaradır.  

Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan müharibəni Zəfərlə bitirdi və indi sülh dövrünü də zəfərlə başlayıb, zəfərlə başa vuracaq. Ümumiyyətlə, bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-quruculuq işlərini bütün dünya heyranlıqla izləməkdədir.