YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiqdir

“Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlığın aşkar edilməsi Ermənistanın işğalçı ordusunun hərbi cinayətinin növbəti göstəricisidir. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımı, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan ərazilərində erməni separatçı rejiminin qanunsuz hərbi birləşmələri və Ermənistanın silahlı qüvvələri tərəfindən əsir düşmüş 25 şəxsin qətlə yetirilməsi və Xocavənd rayonunun Edilli kəndi ərazisində kütləvi məzarlıqda basdırılması insanlıq məfhumunu sarsıdan, insan cəmiyyətinin mənəvi və hüquqi prinsiplərinin kobud formada pozulmasıdır. Bununla Ermənistan beynəlxalq humanitar hüququ kobud şəkildə pozub.

S.Fətəliyevanın sözlərinə görə, müasir beynəlxalq hüququn xüsusi sahəsi olan beynəlxalq münaqişələr hüququ və ya beynəlxalq humanitar hüquq müharibələr, yaxud hər hansı silahlı münaqişələrdə davranış qaydalarını tənzimləyir. Bu qaydalar döyüş aparılmasının müəyyən üsulları və vasitələrini məhdudlaşdırır və ya qadağan edir, mülki əhalinin,münaqişədə olan tərəflərin silahlı qüvvələrinə daxil olan yaralıların, hərbi əsirlərin hüquqlarını təmin edir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə etinasız və məsuliyyətsiz münasibət göstərir.  Əsirlərin və girov götürülmüş şəxslərin amansızcasına qətlə yetirilməsi və kütləvi məzarlıqda basdırılması ən ağır beynəlxalq cinayətdir.  Edilli kəndi ərazisdində aşkar edilmiş kütləvi məzarlıqla bağlı hazırda hüquq-mühafizə orqanları araşdırmalar aparır. Düşünürəm ki, məsələ müvafiq beynəlxalq instansiyalar səviyyəsində qaldırılacaq və Ermənistan törətdiyi ağır hərbi cinayətlərə görə cəzalandırılmalıdır.

Sevinc Fətəliyeva qeyd edib ki, Üçüncü Cenevrə Konvensiyası - “Hərbi əsirlərlə rəftara dair” Konvensiya, hərbi əsirlərin hüquqlarını, onlarla davranış qaydalarını, əsirlikdən azad olunma qaydasını müəyyən edərək, belə şəxslərin hərtərəfli müdafiəsini təmin edir. Hərbi əsirlərə münasibətdə əsas beynəlxalq normalardan biri onlarla hər zaman humanist rəftar edilməsidir. Bu normanın tam əksinə erməni tərəfi hərbi əsirlərlə qəddar, qeyri-insani rəftar etmişdir, onlara işgəncələr verərək, qətlə yetirib. Bu günə qədər 3890 itkin düşmüş azərbaycanlı girov və hərbi əsirlərin aqibəti haqqında Ermənistan məlumat verməyərək, öz beynəlxalq öhdəliklərini pozmaqda davam edir.

“Ermənistandan fərqli olaraq, Azərbaycan hər zaman beynəlxalq humanitar hüquqa sadiqliyini nümayiş etdirib. Azərbaycan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiqdir. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini rəhbər tutaraq daima beynəlxalq humanitar hüququn normalarına riayət edib, öz daxili qanunvericiliyində onların tam və dolğun implementasiyasını həyata keçirir”, -deyə deputat vurğulayıb.