YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropanın enerji təhlükəsizliyində önəmli rol oynayır

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Son illərdə Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 5-də qurulub. Prezident İlham Əliyevin sentyabrın 30-da bu ölkəyə rəsmi səfəri bu əlaqələrin uğurla davam etdiyinə bir daha əyani sübutdur.  Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin rəsmi dəvəti əsasında həyata keçirilən bu səfər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələri daha da inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirməyə töhfə verməkdədir.

Prezident İlham Əliyev sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfər Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Həmçinin bu tarixi səfər Azərbaycanın Avropanın enerji təhlükəsizliyi məsələsində rolunun getdikcə artması prosesinin daha da sürətləndiyini təsdiq edən hadisədir. Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə ölkələrimiz arasında əməkdaşlığın davamlılığını təmin edib.

Ölkələrimiz arasında ən yüksək səviyyədə fəal siyasi  münasibətlər mövcuddur. Azərbaycan-Bolqarıstan münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında siyasi münasibətlərin xarakterini Azərbaycan və Bolqarıstan Prezidentlərinin təmasları əsasında müəyyən etmək olar. Eyni zamanda ölkələrimiz arasında indiyədək nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Təbii ki, strateji tərəfdaş ölkələr arasında gedən müzakirələrdə enerji təhlükəsizliyi məsələləri əsas yer tutub. Bu gün artıq Azərbaycan qazı Bolqarıstana ixrac olunur və hazırda bu ixracın həcminin artırılması məsələsi gündəmdədir. İki ölkənin dövlət başçıları arasında keçirilmiş geniş tərkibli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. 

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan respublikasına səfəri zamanı çıxış edərkən deyib ki, “Əminəm ki, strateji tərəfdaşlar kimi biz bu gün müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacağıq. Biz bunu yaxşı dərk edirik. Ona görə əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir”.

Hər iki dövlət başçısının apardığı məqsədyönlü siyasət, dostluq əlaqələrinin genişləndirilməsi təşəbbüsünə əsasən Azərbaycan-Bolqarıstan əlaqələri bundan sonra daha da genişlənəcək və dərinləşəcəkdir.