YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Zəfərin uğuru Cəbrayıldan başlayır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin iki ili arxada qaldı. Hər bir tarixi gün keçilən yolun təhlilini bir tələb kimi qarşıya qoyur. 30 il işğal altında olan torpaqlarımızın azadlığa qovuşması, ərazi bütövlüyümüzün bərpası arzusu ilə yaşayıb,  bir gün də belə inamımızı itirmədik. Bu gün  torpaqlarımızın işğaldan azad edildiyi tarixlər  hər birimiz üçün  böyük qürurdur. Bu qürur tarixlərinin sıralanması fonunda 8 noyabr 2020-ci ildə alınmaz qalanın - Şuşanın işğaldan azad edilməsi, bundan sonra Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması dövlətimizin qətiyyətinin, Azərbaycan Ordusunun hansı imkanlara malik olduğunun, ən əsası torpaq, Vətən sevgisinin təqdimatı oldu. 

Haqq savaşımız Vətən oğullarının qəhrəmanlığı, şücaəti sayəsində cəmi 44 gündə qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı. İlk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən müharibəsində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik.

“Oktyabrın 4-ü bizim tariximizdə əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi” söyləyən Müzəffər Ali Baş Komandan İlham Əliyev bildirir ki, çünki ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bu, Ordumuza əlavə güc verdi. Bu Qələbədən sonra bizim şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir: “Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Beləliklə, Laçın dəhlizini biz tam nəzarətə götürə bildik. Mən demişəm, bir daha demək istəyirəm ki, Soltanlı və Əmirvarlı kəndləri uğrunda bir neçə gün çox şiddətli döyüşlər gedirdi və bu, o yerlərdən biri idi ki, Ermənistan ordusu orada dirəniş göstərmişdi və orada böyük istehkamlar qurulmuşdu.”

Bu məqamı da qürurla qeyd edirik ki,  Böyük Zəfərin ilk ciddi uğuru Cəbrayıldan başlandı. İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz oldu məhz Cəbrayıl rayonu,  Cəbrayıl şəhəri. Məlumdur ki, 5 yanvar 1994-cü ildə Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Strateji yüksəkliklər işğalçılardan azad edildikdən sonra artıq Cocuq Mərcanlıya həyatın qayıtması mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın  başlanğıcı idi. 2016-cı il Aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edildi.

Həm Böyük Qayıdışın Cəbrayıldan başlanması, həm də İkinci Qarabağ müharibəsində ilk qələbəyə bu torpaqda nail olunması, Cəbrayılın ilk azad olunan şəhər kimi tariximizə yazılması hər birimizdə qürur doğuran hadisələrdəndir. Bütün xalq tarixi Zəfərimizi əldə etmək üçün birləşdi, Ordumuza dəstək oldu və Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir sözlə, Vətən oğulları qəhrəmanlıq, fədakarlıq göstərərək, şəhidlik zirvəsinə yüksələrək  tarixi ədaləti bərpa etdilər. Düşməni öz torpağımızdan qovduq, lazımi dərsi verdik. İllərdir dünyaya “güclü, məğlubedilməz” ordu kimi təqdim edilən Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun qarşısında diz çökdü. Azərbaycan xalqı bu torpaqların sahibi olduğunu, bu torpaqlarda qalib xalq kimi yaşayacağını dünyaya bəyan etdi.

Bu gün digər torpaqlarımız kimi, Cəbrayıl da həyatının yeni mərhələsini yaşayır. Bu fakt da məlumdur ki, işğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard dollar məbləğində ziyan dəyib. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd ermənilərin işğalına məruz qalaraq vəhşicəsinə dağıdıldı. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonun erməni vandalizminə məruz qalmış maddi-mədəni abidələrinin siyahısına nəzər salmaq kifayətdir. Dağtumas kəndinin yaxınlığında yerləşən “Divlər sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmərnənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır.

Cəbrayıl şəhərinin Baş planı bütün bərpa-quruculuq işlərini özündə ehtiva edir. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bütün işlər sistemli şəkildə həyata keçirilir. İnfrastruktur layihələrinin icrası, tarixi və dini abidələrimizin  bərpası prioritet məsələlər sırasındadır. Tarixi abidələrimiz kimliyimizin təqdimatıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə hər səfəri görülən işlərin təqdimatıdır. Bu səfərlər, həmçinin  yeni obyektlərin təməlinin qoyulması ilə yadda qalır. Cəbrayıl rayonun timsalında bərpa-quruculuq işlərinin ümumi mənzərəsi aydın görünür. Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycan yeni-yeni  hədəflərə doğru addımlayır.