YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir

Şəhla Abdullayeva

Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatının sədri

4 oktyabr 44 günlük İkinci Qarabağ müharibəsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin düşmən tapdağından azad olunduğu gündür. Artıq iki ildir ki, qürurla torpaqlarımızın işğaldan azad edildiyi tarixi qeyd edirik. 30 illik işğala 44 gündə son qoyulması, ərazi bütövlüyümüzün bərpa edilməsi Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynadı. Bir daha sübut edildi ki, Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Ermənilərin və erməni lobbisinin illərdir yaratdıqları “güclü ordu”, “məğlubedilməz xalq” mifləri tamamilə dağıdıldı. Dünya bir daha gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən məğlubedilməz, yenilməz xalq Azərbaycan xalqıdır.

Siyasəti ədalətə, beynəlxalq hüquqa əsaslanan, tarixi faktlara söykənərək həqiqətlərini təbliğ edən ölkə qalib olur. Azərbaycan bu reallığı təsdiqlədi.  Baxmayaraq ki, dünyanın ikili standartlara əsaslanan siyasətinə arxalanan Ermənistan kimi özünə saxta tarix yazan dövlət yalanın həqiqət üzərində qələbəsinin mümkünlüyünü təsdiqləməyə cəhd edirdi. Mənfur düşmən 44 günlük İkinci Qarabağ müharibəsində belə bir düşüncənin reallıqdan nə qədər uzaq olduğunu bir daha gördü.

Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində üstünlüyü qazanmasında Qarabağ münaqişəsi ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu mühüm rol oynadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin işğal altında olan torpaqlarımızı qeyd-şərtsiz tərk etmələri öz əksini tapıb. Bu qətnamələr 28 il icrasını gözləyə-gözləyə kağız üzərində saraldı.

Keçilən yola nəzər salmağımız səbəbsiz deyil. Göründüyü kimi, Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək imkanları olmaqla yanaşı, möhkəm hüquqi baza mövcud idi. Məhz bu imkanlar Azərbaycan Ordusunu 44 günün hər gününü tariximizin qələbə səhifələri yazmasına yol açdı. Cəbrayıl azad edilən ilk şəhərdir. 27 ildən sonra azadlığa qovuşan Cəbrayıl digər torpaqlarımız kimi erməni vəhşiliklərinə şahidlik edir. 27 ildə rayon tamamilə dağıdılıb, evlər, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Şəhər və kəndlərimiz məhz işğal dövründə bu vəhşiliklərlə üz-üzə olub. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən hər kəs gördükləri mənzərələrdən heyrətlərini gizlədə bilmir.  

Cəbrayılın işğal tarixinə və həmin müddətdə üz-üzə qaldığı erməni vandalizminin nəticələrinə nəzər salaq. Rayon 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoyub, ekoloji terror törədib və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçiriblər.

Bu məqamı da xüsusi qeyd etməliyik ki, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyinin düşməndən təmizlənməsi nəticəsində Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Böyük Qayıdış məhz Cocuq Mərcanlıdan başlayıb.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. Ümumilikdə Cəbrayılın azad olunması Orumuzun döyüş ruhunun daha da artmasında öz sözünü dedi. Belə ki, İkinci Qarabağ müharibəsinin ilk günü Füzulinin 4, Cəbrayılın iki kəndi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev ötən il Cəbrayılın ictimaiyyət nümayəndələri ilə görüşündə bu dövrü belə xarakterizə etmişdir ki, müharibənin ilk günündə Füzulinun 4, Cəbrayılın 2 kəndinin işğaldan azad edilməsindən sonra  bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi.

İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.

Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalını təsis etdi. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu medal Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusuna verildi.

44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, postmüharibə dövründə də xalqımız öz tarixinin şərəfli, qürurlu, unudulmaz günlərini yaşayır. Sahibinə qovuşan torpaqlarımızda həyat qaynayır. Genişmiqyaslı bərpa-quruculuq işləri tariximizin qızıl səhifələrindən olan Böyük Qayıdışı daha da sürətləndirir.