YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda Müəllimlər Günü qeyd olunub

Xətai rayonunda 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov və Elm və Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov, rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb direktorları, müəllimlər, şəhid ataları, rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qeyd olunub ki, müəllim zəhmətini daim yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin özü, sözün əsl mənasında, böyük müəllim idi.

Daha sonra tədbir rayon ərazisində yerləşən şadlıq saraylarının birində davam etdirilib.

Tədbirdə çıxış edən Xətai RİH başçısı Rafiq Quluyev bildirib ki, təhsilə dövlət qayğısı ilbəil daha da artır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına əsasən, rayonda yerləşən demək olar ki, bütün məktəblər, uşaq bağçaları əsaslı şəkildə, müasir standartlara uyğun təmir olunur, yeni idman meydançaları tikilir, idman avadanlıqları, fizika, kimya laboratoriyaları ilə təmin olunurlar. Bütün bunlar bir daha ondan xəbər verir ki, ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.

Əldə olunan nəticələrdən söz açan İcra Hakimiyyətinin başçısı bildirib ki, Xətai rayonu hər zaman təhsil sahəsində böyük nailiyyətlərə imza atıb: “Bu baxımdan ötən tədris ili də istisna olmayıb. Belə ki, 2021-2022-ci tədris ilində ali məktəblərə sənəd verən 2861 nəfər məzundan, 2243 nəfəri (77%) tələbə adını qazanıb, 285 nəfər isə xarici universitetlərə qəbul olunub. Keçən il bu rəqəm 75% olub. Bu il də keçən il olduğu kimi, rayonumuzun ali məktəblərə qəbul faizi şəhər göstəricisindən yüksək olub. 50 nəfər məzunumuzun hər biri 650 baldan yuxarı bal toplayıb, 4 məzunumuz isə məktəbi qızıl medalla, 210 məzunumuz fərqlənmə attestatı ilə bitirərək ali məktəblərə daxil olublar. 287 nömrəli Zəkalar liseyinin şagirdi İsgəndər Murad Nazim oğlu və Abbasova Aysel Faiq qızı Prezident təqaüdünə layiq görülüblər. Ali məktəblərə qəbul zamanı Xətai rayonunda 2 məktəb 100% nəticə, 4 məktəb isə 98% nəticə göstərib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Xətai rayonunda 2 müəllim “Əməkdar müəllim”, 1 müəllim “Tərəqqi” medalı, 2 şagird Respublika Fənn olimpiadasında I yerə, 2 şagird  SASMO (Sinqapur Beynəlxalq riyaziyyat olimpiadası) I və II yerə, 2 şagird Kenken Yapon məntiq riyaziyyat olimpiadasında II və III yerə, 2 şagird Lütfizadə adına məntiq olimpiadasında III yerə, 3 şagirdimiz 8-ci Amerika Beynəlxalq Riyaziyyat Olimpiadasında l-ci yerə, 6 şagird isə Beynəlxalq Sten Olimpiadasında l-ci yerə layiq görülüblər”.

Digər çıxış edənlər Prezident İlham Əliyevin səyləri nəticəsində son illər ərzində respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, təhsilimizin inkişafında böyük rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən danışıblar.

Tədbirin sonunda Xətai RİH tərəfindən əməkdə fərqlənmiş və yüksək nəticələr əldə etmiş məktəblərin müəllimlərinə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olunub.