YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropanın enerji xəritəsini birdəfəlik dəyişdi

Anastasiya Lavrina

YAP Gənclər Birliyinin üzvü

Azərbaycan Avropa və Asiya ölkələri ilə əlaqələri məharətlə inkişaf etdirərək balanslaşdırılmış siyasəti uğurla həyata keçirməkdə davam edir. Avropa ölkələri ilə enerji əməkdaşlığının genişləndirilməsi prioritet olaraq qalır, lakin bunla yanaşı rəsmi Bakı, iqtisadi və nəqliyyat əlaqələrinin inkişafına da diqqət yetirir. Azərbaycanın zəmanət verdiyi etibarlılıq və təklif olunan yeni layihələr Qərbin və Şərqin aparıcı ölkələri tərəfindən dəstəklənir. Rəsmi Bakının Avropanı soyuq qışdan xilas edən etibarlı enerji tərəfdaşlarından biri kimi yeni statusu Avropanın enerji xəritəsini həmişəlik dəyişdi.

Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan qaz birləşdiricisinin istifadəyə verilməsi mərasimində çıxış edən Avropa Komissiyasının sədri Ursula fon der Leyen qeyd edib ki, məhz belə layihələr sayəsində Avropa qış üçün kifayət qədər qaza malik olacaq: “Azərbaycan kritik məqamda bizə kömək etdi”.

Xüsusi vurğulamaq vacibdir ki, Prezident İlham Əliyevin başçılıq etdiyi geniş tərkibli Azərbaycan nümayəndə heyəti, Avropa Komissiyası sədrinin Bakıya 18 iyul tarixində baş tutan səfərindən cəmi 2 ay yarım sonra, belə mühüm tədbirdə iştirak etmək üçün Sofiyaya gəlib. Bu, tərəflərin qısa müddət ərzində sözdən real hərəkətlərə necə keçdiyinin yaxşı nümunəsidir. Bolqarıstanın Baş naziri Qalab Donevin sözlərinə görə, “yeni qaz kəməri bütün ehtiyacları ödəmək və Bolqarıstana təbii qazın mənbələrinin və tədarükünün diversifikasiyasını təmin etmək üçün kifayət qədər gücə malikdir. Bu, ölkənin enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”.

Mövcud infrastruktur, əlverişli coğrafi mövqe və ən əsası etibarlılıq Azərbaycanı Avropa İttifaqının enerji siyasətində yeni islahatlar apararkən, bir nömrəli etibarlı tərəfdaşa çevirib. Bu hadisə Cənub Qaz Dəhlizinin əhəmiyyətini bir daha vurğuladı. Bu məsələdə ən mühüm amil, Yunanıstan-Bolqarıstan interkonnektorunun Bolqarıstanda və Avropada təbii qaz mənbələrinin real diversifikasiyasını və enerji müstəqilliyini təmin edən ilk layihəyə çevrilməsidir.

Prezident İlham Əliyevin etibarlılığı və sözünə sadiqliyi Avropada yüksək qiymətləndirilir. Məsələn, layihənin başlanmasının Serbiya üçün əhəmiyyətini qeyd edən Serbiya prezidenti Aleksandar Vuçiç “Vurğulamalıyam ki, dostumuz İlham Əliyevin iştirakı olmadan, çətin ki, hər birimiz qaz və elektrik təchizatının şaxələndirilməsinə ümid edə bilək. Əziz dostum, görürəm ki, bu gün Avropada çox məşhur olmusan” deyə fikir bildirdi.

Hazırda Azərbaycanın Avropaya ixrac edəcəyi təbii qazın həcminin artırılması aktual məsələdir. Cənub Qaz Dəhlizinin genişləndirilməsi Avropa İttifaqına enerji təchizatının daha da şaxələndirilməsini təmin edəcək. Qazaxıstan və Türkmənistan təbii qazının birləşdirilməsi real layihə olaraq görülür. Qazaxıstan və Türkmənistandan neft və qazın Avropa bazarına çatdırılmasını təmin etməli olan Transxəzər enerji marşrutunun yaradılması yenidən hər kəsin diqqət mərkəzindədir.

Prezident Əliyevin Bolqarıstanın bir sıra aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü çərçivəsində iqtisadiyyat və investisiya sahəsində əməkdaşlığın dərinləşdirilməsi də müzakirə olunub. Bolqarıstan şirkətləri Azərbaycanda, o cümlədən erməni işğalından azad edilmiş ərazilərdə genişmiqyaslı işlər görmək üçün dəvət alıblar. Bütün bunların fonunda Ermənistan ərazisindən keçməklə Azərbaycanı Naxçıvanla birləşdirəcək və “Orta Dəhliz”in işində mühüm halqaya çevrilmək üçün hər cür şansa malik olan Zəngəzur dəhlizinin işə salınmasının vacibliyini və aktuallığını güman etmək məntiqlidir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə birlikdə Zəngəzur dəhlizinin Türkiyə, Cənubi Qafqaz, Xəzər dənizi və Mərkəzi Asiyadan keçməklə Avropa və Asiyanı birləşdirəcəyini başa düşən Çin və Qazaxıstanda bu təşəbbüs kifayət qədər müsbət qarşılanır. Orta dəhlizin keçdiyi ölkələrin tranzit imkanlarının genişləndirilməsi bütün ölkələr - potensial iştirakçılar üçün strateji vəzifəyə çevrilir.

DİGƏR Xəbərlər Arxiv