YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anar Məmmədov: Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri strateji tərəfdaşlıq əlaqələrinin inkişafı baxımından mühümdür

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin oktyabr ayında Bolqarıstan Respublikasına rəsmi səfəri ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində, bu əlaqələrin yeni mərhələyə qədəm qoymasında, strateji əməkdaşlıq səviyyəsinə çatdırılmasında mühüm rol oynayacaq.

Ümumiyyətlə, Azərbaycanla Bolqarıstan arasında münasibətlər zəngin müqavilə-hüquq bazasına söykənir. Ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi qarşılıqlı maraqlara uyğundur və hər iki tərəf bu istiqamətdə iradə nümayiş etdirir. Bu gün ölkələrimiz enerji sahəsində də uğurlu əməkdaşlıq edir”. Bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan-Bolqarıstan münasibətlərində enerji məsələləri üstünlük təşkil etsə də, hər iki dövlət qeyri-enerji sahəsində, o cümlədən, nəqliyyat, sənaye, ticarət, kənd təsərrüfatı, informasiya texnologiyaları və turizm sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Bununla əlaqədar, Azərbaycan ilə Bolqarıstan arasında ticarət mübadiləsinin diversifikasiyası və qarşılıqlı sərmayə imkanlarının artırılması istiqamətində də işlər aparılır. Belə ki, energetika sahəsi Azərbaycan-Bolqarıstan münasibətlərinin iqtisadi bünövrəsini təşkil edərək ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün mühüm zəmin təşkil edir. Bolqarıstanda hazırda təbii qaz qiymətlərinin kəskin qalxması ilə bağlı vəziyyətin olduqca ciddi olduğunu nəzərə alaraq, strateji tərəfdaş və dost ölkə olaraq Azərbaycan hər zaman mövcud imkanlar çərçivəsində Bolqarıstana öz yardımını əsirgəməyib.Azərbaycanla Bolqarıstan arasında hələ 2015-ci ildə strateji tərəfdaşlıq haqqında birgə bəyannamə qəbul edilib. Bu bəyannamədə əksini tapan tərəfdaşlıq istiqamətləri ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın, eləcə də ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar açmışdır.Şübhəsiz ki, bu kontekstə enerji sahəsindəki əməkdaşlıq prioritet təşkil edir. Hazırda Azərbaycanın həyata keçirdi Cənub Qaz dəhlizi, TANAP və TAP layihəsi bu sahədə ən etibarlı təchizat körpüsüdür. Ona görə də Azərbaycan Prezidenti qeyd etdi ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi doğrudan da tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də Avropa qitəsində enerji təhlükəsizliyinə də bunun çox böyük faydası olacaq. Öz növbəsində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandumunun böyük əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq.

Millət vəkilinin sözlərinə görə, energetika sahəsindən sonra nəqliyyat sahəsi iki ölkə arasında əməkdaşlıq üçün digər mühüm prioritet sahə təşkil edir. Əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan və Bolqarıstan Avropa ilə Asiya arasında beynəlxalq yükdaşımaların təşviqi baxımından aparıcı rol oynaya bilər. Ölkələrimiz arasında bu sahədə də  əməkdaşlıq uzunmüddətli əlaqələrə əsaslanır. Cari ildə Azərbaycanla Bolqarıstan arasında tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəmin daha da böyük olması üçün Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gəlib. Eyni zamanda Bolqarıstan şirkətlərinin Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacağı da gözləniləndir. Prezident İlham Əliyevin Bolqarıstana rəsmi səfəri strateji xarakter daşıyan əlaqələrin inkişafı baxımından olduqca mühümdür. Səfər çərçivəsində tərəflər arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsinin aparılmasıxüsusi əhəmiyyətə malikdir.