YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Demokratiya strateji kursumuzun əsasıdır

Həbib Cəfərov

YAP Astara rayon təşkilatının sədri

Ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında xidmətlərindən bəhs edərkən  demokratik təsisatların formalaşdırılması və inkişafı istiqamətində atdığı addımlara xüsusi diqqət yetirmək istərdik. Ümummilli Lider ilk gündən bəyan etdi ki, demokratiya strateji kursumuzun əsasını təşkil edir. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz.

1993-cü ildən etibarən aparılan islahatların təməlində demokratik prinsiplərin aliliyi dayanır. Ümummilli Liderin rəhbərliyi ilə  hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən Ulu Öndər Heydər Əliyevin bilavasitə xidmətidir. Ümummilli Liderin təşəbbüsü ilə kütləvi informasiya vasitələrinin üzərindən senzura götürüldü, vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların  yaradılması, ölüm hökmünün ləğv edilməsi və onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi. Ölkəmizdə seçkilərin demokratikliyini təmin etmək, beynəlxalq standartlara uyğun keçirilməsi üçün mühüm addımlar atıldı. Ölkəmizin demokratik inkişaf sahəsində qazandığı uğurlara beynəlxalq dəstəyin ifadəsi  olaraq Azərbaycanın 2001-ci ildə dünyanın nüfuzlu təşkilatı, bilavasitə demokratik prinsiplərin inkişafı ilə məşğul olan Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması qeyd edə bilərik. Ümummilli Lider qurumun ilk sessiyasındakı çıxışında bir daha bəyan etdi ki, Avropa Şurası Azərbaycana nə qədər lazımdırsa, Azərbaycan da Avropa Şurasına bir o qədər gərəkdir.

Ümummilli Lider atdığı hər addımında milli-mənəvi dəyərlərimizə, tariximizə,  mədəniyyətimizə bağlı xalq olduğumuzu nümayiş etdirdi. Milli ideologiyanın yaradılması məhz Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi idi. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrildi.

1993-2003-cü illəri ümumi xarakterizə etdikdə böyük əminliklə deyə bilərik ki,  Azərbaycan o illərdən başlayaraq bu günə qədər  müstəqil siyasət yürüdür. Dövlətçiliyin əsasları qoyuldu, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir. Siyasi islahatlara start verildi, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul olundu. İqtisadi sahədə liberallaşma siyasəti aparılmağa başladı və bazar iqtisadiyyatına keçid məhz ulu öndər  Heydər Əliyevin təşəbbüsü ilə baş vermişdi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz bugünümüz üçün möhkəm təməl oldu. Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlayaraq  bu istiqamətdə mühüm islahatlar həyata keçirdi. Bu mühüm məqamı da qeyd edək  ki, ümummilli lider  Heydər Əliyevin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamızda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi.

Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətliyinin qorunması hərtərəfli inkişafın təmin olunmasında başlıca amil kimi öndə saxlanıldı. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  cənab İlham Əliyevin son 19 ildə demokratik islahatların dərinləşdirilməsi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri göz önündədir. Milli Konstitusiyamıza bu illər ərzində üç dəfə əlavə və dəyişiklik edilib ki, biri ulu öndər Heydər Əliyevin, ikisi cənab İlham Əliyevin Prezidentliyi dövrünə aiddir. Bu əlavə və dəyişikliklərdə insan hüquq və azadlıqlarının yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi ilə yanaşı, idarəçilik sistemində təkmilləşmə də mühüm yer tutur ki, bu da ölkəmizin davamlı inkişafında əsas rol oynayan amillərdəndir. Bugünümüzün reallıqlarından biri budur ki,  Azərbaycan demokratiya təcrübəsi ilə də dünyanın diqqətindədir.