YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şahmarın eşq əsəri” adlı kitabın təqdimatı keçirilib

Nizami rayonunda Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunmuş “Şahmarın eşq əsəri” adlı kitabın təqdimat mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş kapitan Quliyev Şahmar Kəmaləddin oğlunun anım günündə xatirəsinə həsr olunmuş Manya Səxavətqızının “Şahmarın eşq əsəri” adlı kitabının təqdimat mərasimi keçirilib.

Mərasim iştirakçıları öncə II Fəxri xiyabanda şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Təqdimat mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Quliyev Şahmar Kəmaləddin oğlunun xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən “Şahmarın eşq əsəri” adlı kitabının müəllifi Manya Səxavətqızı, Milli Məclisin deputatı Könül Nurullayeva, Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdiri Rüstəm Bayramov, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyeva şəhidin həyat və döyüş yolundan danışıblar, kitabın ərsəyə gəlməsi səbəblərindən bəhs ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda" medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Şahmar Quliyev bütün xalqımızın fəxr etdiyi, qürur duyduğu qəhrəman şəhidlərimizdəndir. 29 illik qısa ömür yoluna böyük qəhrəmanlıq səlnaməsini sığdıran Şahmar Quliyevin əziz xatirəsi əbədi olaraq xalqın qəlbində və tariximizdə yaşayacaq.

Sonra şəhid Şahmar Quliyevin həyat yoldaşı Gülnarə Quliyevaya və “Şahmarın eşq əsəri” adlı kitabının müəllifi Manya Səxavətqızına  təşəkkürnamələr, xatirə hədiyyələri təqdim edilib.

Təqdimat mərasiminin sonunda gənc müğənni Murad Laçın şəhid Şahmar Quliyevin xatirəsinə həsr olunmuş mahnını ifa edib.