YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan sürətlə inkişaf edən qüvvətli dövlətə çevrilib

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Dövlət müstəqilliyi qazanan Azərbaycan xalqı ötən əsrin 90-cı illərinin əvvəllərində ciddi imtahan qarşısında qaldı. Ölkədə dərin və təhlükəli ictimai, siyasi və iqtisadi böhran yarandı. Azərbaycan xalqının belə ağır və çətin vaxtında hamının diqqəti o zaman Naxçıvan Ali Sovetinin Sədri vəzifəsində çalışan Heydər Əliyevə yönəldi. Çünki xalqı belə ağır vəziyyətdən qurtara bilən yeganə şəxsiyyət ancaq və ancaq Heydər Əliyev ola bilərdi. Belə çətin və mürəkkəb bir zamanda Azərbaycan xalqının və Azərbaycan ziyalılarının dəvəti ilə müdrik el ağsaqqalı, zəngin dövlətçilik təcrübəsi olan görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi, iyunun 15-də Respublika Ali Sovetinin (indiki Milli Məclis) Sədri seçildi. Həmin gün Azərbaycan xalqının şərəfli tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Seçkilərdə böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı.

Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyə başladığı ilk gündən əsas diqqət ölkə daxilində siyasi parçalanmanın və vətəndaş qarşıdurmasının qarşısının alınmasına, cəbhədə atəşkəsə nail olunmasına, sürətlə artmaqda olan inflyasiyanın qarşısının alınmasına, azad bazar iqtisadiyyatına doğru dərin sosial-iqtisadi, siyasi və mədəni islahatların həyata keçirilməsinə yönəldildi.

Qısa zaman kəsiyində Heydər Əliyevin çox böyük təşkilatçılığı və rəhbərliyi, məqsədyönlü siyasəti sayəsində Azərbaycan xalqının milli birliyi, ictimai, siyasi sabitlik bərpa olundu, hakimiyyət böhranı aradan qaldırıldı, əhəmiyyətli qərarlar və fərmanlar qəbul edildi, təsirli tədbirlər həyata keçirildi, müstəqil dövlətçiliyimizin möhkəmləndirilməsi üçün əsaslı şərait yarandı.

Azərbaycan Respublikasının xarici siyasət strategiyasının konseptual, elmi əsasları yaradıldı, bütöv bir təlimin beynəlxalq münasibətlər sisteminə uyğunlaşdırılması istiqamətləri, prinsip və vəzifələri, düşünülmüş taktiki yolları, dünya dövlətləri ilə əlaqələrin yaxın və uzaq strategiyası müəyyənləşdirildi. Hazırlanan Proqramda sülhsevərlik, mehriban qonşuluq və dinc yanaşı yanaşmaq prinsipləri, başqasının daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlıq kimi yüksək bəşəri dəyərlər öz əksini tapdı.

Heydər Əliyev hakimiyyətə başladığı ilk gündən milli xarici siyasət konsepsiyasını hazırlayıb başa çatdırmaq üçün bütün qüvvələri və potensial imkanları bir mexanizm kimi hərəkətə gətirdi. İlk növbədə müstəqil dövlətimizin beynəlxalq münasibətlər müstəvisində dünya dövlətləri ilə əlaqələrinin başlıca istiqamətləri müəyyənləşdirildi, planetin ayrı-ayrı böyük və xırda dövlətləri ilə dərindən düşünülmüş əlaqələr sistemi yaradıldı.

Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun həyata keçirilməsində, milli dövlət strukturlarının yaradılmasında və formalaşmasında Yeni Konstitusiyanın (1995-ci il) qəbul edilməsinin böyük əhəmiyyəti oldu. Milli Konstitusiyamızın qəbul olunması Azərbaycanda dövlət müstəqilliyinin daimi, əbədi olunmasını bir daha dünyaya sübut etdi, demokratik vətəndaş cəmiyyəti quruculuğuna, insanların azad və sərbəst yaşamalarına, insan haqları və hüquqlarının genişlənməsinə əlverişli şərait yaratdı.

Böyük dövlətçilik təcrübəsinə, yüksək təşkilatçılıq qabiliyyətinə və dəmir iradəyə malik olan ümummilli liderimiz qısa zaman kəsiyində Silahlı Qüvvələrin yaradılmasına, onun döyüş texnikası ilə və müasir dünyəvi silahlarla təchiz və təmin olunmasına, siyasi və təşkilati cəhətdən möhkəmləndirilməsinə nail oldu.

Bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan Respublikası sürətlə inkişaf edən qüvvətli dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndərin siyasi kursunun uğurunu və alternativsizliyini çox konkret və dolğun mənalı ifadə edib: “Biz Heydər Əliyev siyasətinə sadiqik, Azərbaycanı etibarlı şəkildə idarə edirik, Azərbaycanı uğurla inkişaf etdiririk. Bu gün Heydər Əliyev siyasəti yaşayır və əbədi yaşayacaqdır”.