YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu

Mansur Quliyev

YAP Ağdam rayon təşkilatının sədri

Hər birimizin yaxşı xatirindədir ki, 1993 cü  ildə  Azərbaycan  parçalanmaq, bir ölkə kimi, bir  dövlət kimi məhv olmaq təhlükəsi  qarşısında idi. Belə bir çətin məqamda xalqın təkitli tələbini və istəyini qəbul edən Ümummilli lider Heydər Əliyev 9 iyun 1993-cü ildə Naxçıvandan Bakıya gəldi, beləliklə Azərbaycanın müasir dövlətçilik tarixində yeni səhifə açıldı. İyunun 13-də Ulu öndər Heydər  Əliyev  vəziyyətlə yerində tanış olmaq  üçün  vətəndaş müharibəsinin astanasında olan Gəncə şəhərinə gəldi. Vəziyyətlə yerində tanış olub öyrənəndən sonra  Milli Məclisinin növbəti iclasında Ulu öndər Gəncə  hadisələri barədə  öz qəti mövqeyini bildirdi. 1993-cü il iyunun 15-də Ulu öndər Heydər Əliyev Ali Sovetə sədr seçildi və ölkənin gələcək inkişaf strategiyası istiqamətində mühüm addımlar atmağa başladı. Ulu öndər Ali Sovetin  sədri kimi  Azərbaycan  xalqının tarixi  nailiyyəti olan  Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf  etdirməyi özünün əsas vəzifələrdən biri hesab edirdi.  Bu bir həqiqətdir ki, 15 iyun Azərbaycanın  müstəqillik tarixində  yeni siyasi  eranın başlanğıcı  oldu!

“Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir  başqa  dövlətin əsarəti  altına  düşməyəcək.” fikrini söyləyən Ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və gələcək inkişafı istiqamətində mühüm addımlar atırdı.

1993-cu ilin iyununda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə müsbət dəyişikliklərin əsası qoyuldu. O ağrılı-acılı günlər hər birimizin yaddaşındadır və o zamanki nəslin nümayəndələri həmin dövrdə ölkəmizin və xalqımızın hansı çətin, mürəkkəb sınaqlar qarşısında qalmasının canlı şahidləridirlər. Məhz ulu öndər Heydər Əliyev dühası və qətiyyəti sayəsində müstəqil Azərbaycan dövləti məhv olmaq təhlükəsindən qurtuldu.

Ölkənin düşdüyü bu bəladan qurtarmaq kimi çətin bir missiyanı və məsuliyyəti öz üzərinə götürən Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyunun 24-də yaranmış mürəkkəb proseslərlə bağlı Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Beləliklə Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı. 

Xalq öz liderini ölkə başçısı görmək arzusunda idi. Bu məqsədlə 1993-cü ilin oktyabr ayının 3-də Heydər Əliyev ümumxalq səsvermə yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Qısa müddətdə ulu öndərin siyasi idarəetmə qabiliyyəti və uzaqgörənliyi ilə ölkədəki böhrana son qoyuldu.

Bu gün Ümummilli lider Heydər Əliyev siyasi kursunu uğurla və qətiyyətlə davam etdirən ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Beynəlxalq müstəvidə böyük nüfuz və söz sahibi olan ölkələrdən birinə çevrilib.