YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Asif Əsgərli: Ümummilli Liderimizə həmişə xalq tərəfindən dərin rəğbət bəslənilib

“Müasir Azərbaycan dövlətçiliyinin qurulmasını və möhkəmlənməsini cəmiyyətdə Heydər Əliyev ideyalarını yeni tarixi şərait və dəyərlər prizması ilə vəhdətdə təhlil etmək hər zaman ictimai-tarixi zərurətdir. Başqa sözlə, etiraf edilməlidir ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi tərəqqisi yalnız Heydər Əliyev şəxsiyyətinə ümumxalq etimadının tarixi-ictimai təzahürü nəticəsində mümkün ola bilərdi. Çağdaş siyasi tariximizin bu  fundamental hadisəsi hər zaman gələcək nəsillər üçün xüsusi məktəbdir. Ümummilli lider Heydər Əliyevə ölkənin siyasi, iqtisadi, mədəni və sosial inkişafında müstəsna irəliləyişlərin birbaşa təminatçısı kimi həmişə xalq tərəfindən qəlbən dərin rəğbət bəslənilib. Eyni zamanda ulu öndər keçmiş SSRİ kimi nəhəng dövlətdə ali siyasi vəzifədə çalışan ilk və yeganə azərbaycanlı olduğundan, sözün əsl mənasında, milli qürur mənbəyi və mənəvi fəxarət simvolu sayılırdı. İnsanlar onunla fəxr edir, ona dərin hörmət və etimadını hər zaman ifadə edirdilər”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli bildirib.

 Asif Əsgərli deyib ki, böyük siyasət adamı, dünya liderlərinin nüfuzlu şəxsiyət, dövlətçilik memarı adlandırdıqları ümummilli lider hər zaman qürur duyduğu, şah əsəri olan müstəqil Azərbaycan dövlətçiliyini qorudu, yaşatdı və gələcək nəsillərə möhkəm bazislə ərmağan etdi: “Ulu öndərin vaxtilə irəli sürdüyü və aksioma kimi qəbul olunan Azərbaycançılıq məfkurəsi milli, etnik, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlının Azərbaycana və dövlətimizə olan sevgi, məhəbbət və kökdən bağlılığın gündəlik həyat norması və fəaliyyət strategiyasıdır.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncam Heydər Əliyev şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur.  Azərbaycanda 2023-cü ilin  “Heydər Əliyev İli” elan edilməsini hər bir vətənpərvər soydaşımız sevinclə qarşılayır. Bununla Azərbaycan Prezidenti bir daha xalqımızın ümummilli liderinə olan sədaqətini nümayiş etdirdi”.