YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Daim müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində duracağıq

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr-Anım Günündə Füzuliyə səfəri zamanı xatirə lövhəsinin önünə gül dəstələri qoyduqdan sonra ölkə Prezidentinin çıxışında səsləndirdiyi “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır” fikirlər harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya belə bir çağırışdır ki, Vətən oğullarının qanı, canı bahasına bərpa etdiyimiz ərazi bütövlüyümüzü qorumaq, eyni zamanda müstəqilliyimizi möhkəmləndirmək üçün hər həs üzərinə düşən vətəndaşlıq borcunu yerinə yetirməli, müasir müstəqil, qalib Azərbaycanın uğurlarının davamlılığına öz töhfəsini verməlidir.

Bu gün Azərbaycan hər bir sahədə inkişafı ilə dünyanın diqqətindədir. Dövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti, təkmil islahatları sayəsində qazanılan uğurlar ölkəmizin beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qorumasını şərtləndirir. Belə ki, Azərbaycan ən islahatçı ölkələr sırasında qərarlaşmaqla uğurlarının təqdimatına geniş imkanlar açır.

Azərbaycanın uğurlarını şərtləndirən amillər sırasında ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti xüsusi yer tutur. Bu gün artıq tarixə qovuşan Qarabağ münaqişəsinin həlli istiqamətində 30 ildə atılan addımlara, həmçinin 44 günlük müharibə və postmünaqişə dövrünün reallıqlarına diqqət yetirmək kifayətdir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman çıxışlarında, xalqa müraciətlərində  müstəqil siyasətinin uğurlarından geniş bəhs edərək  bu bəyanatı səsləndirir ki, biz haqqın, ədalətin və beynəlxalq hüququn tərəfdarıyıq. Hec kim bizimlə ultimatum dili ilə danışa bilməz.

Azərbaycan öz ərazi bütövlüyünü qoruyur, müstəqilliyinin daimiliyi, dönməzliyi istiqamətində mühüm addımlar atır. 44 günlük İkinci Qarabağ müharibəsində dünya ölkəmizin nəyə qadir olduğunu gördü. Hər zaman beynəlxalq təşkilatların tribunasından “Bir qarış torpağımızı belə düşmənə verməyəcəyik”, “Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək” kimi bəyanatları səsləndirərək Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı dəyişməz mövqeyini açıqlayan Azərbaycan 44 gündə yazdığı Zəfər tarixi ilə ədalətin və beynəlxalq hüququn mövcudluğunu, bunu təsdiq etmək üçün səylər göstərmək lazım olduğunu nümayiş etdirdi. Ölkəmiz hər bir məsələnin həllində bu prinsipləri əsas tutur, dünyaya bu çağırışı edir ki, onların tətbiqi üçün vahid mexanizm olmalıdır.

İki ildir Azərbaycan xalqı torpaqlarımızın azadlığa qovuşmasının, bərpa-quruculuq işlərinin geniş miqyas alması fonunda həyatının yeni mərhələsini yaşamasının sevincini yaşayır. Bu gün canları, qanları ilə tarix yazan şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Torpaqlarımız öz tarixi sahibinə qovuşmaqla dağıntılardan xilas olub, quruculuq mərhələsindədir. Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsi, soydaşlarımızın yüksək həyat şəraitini təmin etmək üçün addımlar atılır. Dövlət baçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr - Anım Günündə Füzuli rayonundan sonra qədim şəhərimiz, mədəniyyət paytaxtımız Şuşada olarkən yeni inşa olunan bir sıra sosial obyektlərdə işlərlərin gedişi ilə tanış olmaları da deyilənlərin təsdiqidir. Hər bir səfər işğaldan azad edilmiş ərazilərimizin  həyatında mühüm rol oynayır.

Bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları tarixi Zəfərimizdən qürur hissi keçirməklə yanaşı, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək yeni-yeni hədəflərin reallığa çevrilməsinə öz töhfələrini verməyə səy göstərirlər. Bu fikri böyük fəxrlə qeyd edirik ki, ulu öndər Heydər Əliyev adını tarixə müstəqilliyimizin, onun layiqli davamçısı, Prezident İlham Əliyev isə torpaqlarımızın xilaskarı kimi yazdı. Müzəffər Ali Baş Komandan Füzulidəki çıxışında bu xoşbəxtliyi belə ifadə etdi: “Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.”