YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri

Bu gün bir xalq olaraq hər birimiz şahidik ki, Azərbaycan dövləti tərəfindən hər bir şəhid ailəsinə, hər bir müharibə qazisinə və iştirakçısına xüsusi diqqət və qayğı göstərilir. Yürütdüyü daxili və xarici siyasətinə görə sosial dövlət meyarlarına tam cavab verən Azərbaycan bu gün sosial siyasətdə əsas amil kimi məhz vətəndaş məmnunluğunu əsas prinsip qəbul edir. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən bu insanların mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu qəbildən olan vətəndaşlarımıza daim xüsusi diqqət və qayğı göstərməsinin bir təzahürüdür. Azərbaycan dövləti şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirləri görür və bundan sonra da görəcəkdir. Dövlətimizin başçısının “Mən hər zaman qazilərin yanında olacağam” deməsi, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan yüksək münasibətin göstəricisidir.

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayonuna səfəri zamanı Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyub “Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik” deməsi ölkə başçısının bu qəbildən olan insanlara xüsusi münasibətinin bir daha təsdiqi idi. Yüksək fəxarətlə deyilmiş bu sözlər bir daha təsdiq edir ki, prezident İlham Əliyevin apardığı siyasət sayəsində sözün həqiqi mənasında Xalq-Ali Baş Komandan-Ordu birliyi təmin olunub. Belə ki, şanlı tariximiz olan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı birlik, iradə göstərməklə bütün gücünü səfərbər edib öz Liderinin ətrafında bir yumruq kimi birləşərək düşməni torpaqlarımızdan qovdu. Bu gün öz Lideri kimi hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır.

Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində azad edilmiş torpaqlarda şəhərlərimizin, kəndlərimizin yenidən qurulub-yaradılması, bərpa edilməsi bu gün hər bir azərbaycanlının fəxarət yeridir. Necə ki, möhtərəm Prezidentimiz çıxışı zamanı bu tarixi hadisələrin şahidi və iştirakçısı olmağımıza görə xoşbəxt nəsilik deyirdi, eləcə də biz bir xalq olaraq xoşbəxt xalqıq ki, bu gün bizim Prezidentimiz, Ali Baş Komandanımız Zati-Aliləri İlham Əliyevdir.

Möhtərəm Prezidentimizin öz çıxışında qeyd etdiyi kimi hər bir azərbaycanlı, özünü bu torpağın övladı hesab edən hər bir yurddaşımız şəhidlərimizin əziz xatirəsini yad edərək müstəqilliyimizin keşiyində, ərazi bütövlüyümüzün keşiyində əbədi durmağa özünə söz verməli, and içməlidir.