YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

27 Sentyabr – 30 illik həsrətə son qoymuş başlanğıc

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks hücum əməliyyatları zamanı doğma torpaq, Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər həm də öz adını xalqın tarixi yaddaşına həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi.

44 günün hər biri şərəf və ləyaqət günü oldu. Vətən müharibəsi xalqımızın bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər edib birləşdirdi. Vətən müharibəsində parlaq qələbəmiz tarixən xalqımıza xas olan ədalətə inamı artırdı, ədaləti özümüz bərpa və bərqərar etdik. Uzun illərdən sonra ilahi ədalətin, hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü göstərməklə yanaşı, milli birlik hisslərinin gücünü ortaya qoymuş oldu.

Vətən müharibəsi tarixi yaddaşımızı oyatmaqla yanaşı, eyni zamanda, yaxın və uzaq gələcəkdə də bu yaddaşı oyaq və sərvaxt tutmağı, heç bir kiçik təfərrüatı belə qətiyyən unutmamağı zəruri edir. Çünki düşmən adi, sıradan bir düşmən deyildir, olduqca zalım, qansız, vicdansız, bir sözlə, bütün insani keyfiyyətlərdən uzaq "vəhşi qəbilədir".

27 sentyabrdan başlanan Vətən müharibəsi və nəticədə əldə edilən qələbə həm də Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin şücaəti, qorxmazlığı, peşəkarlığı, böyük Vətən sevgisi hesabına əldə olundu. 30 ildir xalqımızın həsrətində olduğu torpaqlara, hər bir şəhərə, qəsəbəyə, kəndə milli bayrağımızı sancmaq hər bir əsgər və zabitimizin ən böyük arzusu oldu. Hərbçilərimiz bu yolda canlarını belə əsirgəmədilər, əsl qəhrəmanlıq nümayiş etdirdilər.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək ümumilikdə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Bu, dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyat idi.

Şübhəsiz ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.

Həmçinin, İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi.

Bu gün Azərbaycan bu zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.

Məlumdur ki, Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi. Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına çevriləcəkdir”.

Bu gün Azərbaycan xalqı, dövlətimiz, mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Çünki, Şəhidlərimiz bizim azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuzdur.