YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yasamalda Anım Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş “Əbədiyyətin Şəhadət Aşiqləri” adlı tədbir keçirilib.

Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Anar İsgəndərov, Elnur Allahverdiyev, Səbinə Xasayeva və Ülvi Quliyev, Yasamal RİH və YAP Yasamal rayon təşkilatının əməkdaşları, partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksini ziyarət edirək abidə önünə gül dəstələri düzüb, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələrini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusunun 44 günlük zəfər yolundan söz açıb. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, siyasi və hərbi iradəsi, ordumuzun əsgər və zabitlərinin peşəkarlığı, vətən sevgisi, ruh yüksəkliyi bizə bu tarixi qələbəni bəxş etdi. Xalqımız 44 gün ərzində milli birlik nümayiş etdirdi. Xalqımız bir yumruq ətrafında sıx birləşdi. Bu birlik və həmrəylik özünü “Dəmir Yumruq”da təcəssüm etdirərək Azərbaycan xalqının tarixində qızıl hərflərlə yazıldı.

Tədbirdə iştirak edən şəhid atası, Xalq artisti Əli Nur Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun igid övladlarının bu şərəfli və tarixi missiyanı uğurla həyata keçirmələrindən bəhs edib.

Tədbir bədii hissə ilə davam edib.