YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

27 sentyabr-tarixi zəfərin başlanğic günü

Elman Nəsirov

Milli Məclisin deputatı, YAP Təftiş Komissiyasının üzvü, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru

Xalqımızın qürür mənbəyinə çevrilmiş Prezident İlham Əliyevin müəllifi olduğu dayanıqlı inkişaf siyasətinin təntənəsi təkcə Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində deyil, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır.  Bu gün müzəffər Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Hələ 2016-cı ilin aprel ayında  Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğal ilə barışmayacağını bütün dünyaya nümayiş etdirdi.

Eyni zamanda Prezident İlham Əliyev 2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsindəki çıxışında ən mötəbər kürsüdən beynəlxalq ictimaiyyətə xəbərdarlıq etdi ki, “Ermənistan rəhbərliyinin düşmən, Azərbaycanofob bəyanatları və təxribatları Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzə hazırlaşdığını nümayiş etdirir”.

Bu xəbərdarlıqdan 3 gün sonra, sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Nəticədə hərbi qulluqçularla yanaşı, 11 dinc sakin, o cümlədən 2 uşaq həlak oldu. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində bütün cəbhə boyu Ermənistana qarşı əks-hücuma keçdi.

30 il ərzində Ermənistanın işğalı altında olan və vandalizm aktına məruz qalan ərazilərimiz azad olunmağa başladı. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olunmuşdur. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Təsadüfi deyildir ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Bu tarxi zəfərin digər mühüm nəticələri də vardır. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayında yekun nitqində qeyd etdiyi kimi, “müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır.”  “Zəngəzur dəhlizi” məsələsinə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev cari ilin 31 mart tarixində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə  bir daha vurğulamışdır ki, “Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün.”

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”,-deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək  ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm  addımların atılmasını təmin etmişdir. Dövlətimizin başçısı hələ vaxtilə böyük uzaqgörənliklə vurğulamışdır:“Əminəm ki, Azərbaycan gücləndikcə  ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərbi yolla həll edə bilərik”.

Təsadüfi deyildir ki, ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 2020-ci ildə bu göstərici 1,9 milyard dollar təşkil etmişdir. 2022-ci ildə isə müdafiə xərcləri artaraq 2.7 milyard dollara yüksəlmişdir. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 % və ondan çox olan 10 dövlət sırasında yer almışdır. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olunmuşdur.  Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78) malik olmuşdur. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi  ölkəmizə  təkcə hərbi deyil, həm də siyasi  dividentlər gətirmişdir.

Ordumuzda döyüş ruhu və  hərbi-vətənpərvərlik  hissinin  ən yüksək səviyyəsi  təmin edilmişdir. Ordumuz Vətən qarşısında  xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı  mahiyyəti səbəbindən  bütün bunlardan məhrumdur. “Yenilməz” erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır. Müharibə dövründə Ermənistan hakimiyyəti növbəti hərbi cinayətlərə imza atmışdır. Ali Baş Komandan İlham Əliyevin BMT-nin yuxarıda qeyd olunan sessiyasında çıxışında vurğuladığı kimi, “44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tuturdu. Ermənistan, həmçinin cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tuturdu.  Raketlərdən biri Azərbaycanın hava hücumundan müdafiə qoşunları tərəfindən Bakının yaxınlığında yerləşən Xızı üzərində zərərsizləşdirilmişdir. Bu isə onu göstərir ki, paytaxt Bakı da Ermənistanın raket hücumlarının hədəfi idi. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib.” Bu zərərin qiymətləndirilməsi və gələcəkdə kompensasiya edilməsi məqsədilə Prezident İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli Sərəncamı ilə Dövlət komissiyası yaradılmışdır. 11 şəhər və rayonda 13 işçi qrupu yaradılmışdır. Bu işlərə 200-dək məsul şəxs cəlb olunmuşdur. 10300-dən çox obyektə baxış keçirilmiş və qiymətləndirmə aparılmışdır. İlkin hesablamalara görə vətəndaşların əmlakına dəyən ziyan 63, 6 milyon manat təşkil etmişdir.  Dövlət əmlakına (yol, elektrik, qaz, rabitə, su xətləri və digər infrastruktur obyektlər) vurulan ziyan isə 27,4 milyon manata bərabər olmuşdur. 9 mindən artıq evə ziyan dəymişdir. Beləliklə, Ermənistanın “yenilməz” ordusunun dinc əhaliyə və dövlətə məxsus əmlaka vurduğu ziyan hələ ki, 91 milyon manata bərabərdir.

İşğal zamanı mülki və təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmişdir. Belə ki, 13 dünya əhəmiyyətli (6 memarlıq, 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq, 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunələri) tarix və mədəniyyət abidələri erməni vandalizminin qurbanı olmuşdur.

Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törətmişdir. Meşələrimizin 60 min hektarı məhv edilmiş, torpaqlarımız və çaylarımız çirkləndirilmiş və zəhərlənmişdir.

Onu da qeyd edək ki, 2021-ci və 2022-ci illərin dövlət büdcəsində  işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işlərinə birlikdə 4,4 milyard manat vəsait ayrılmışdır. Bununla yanaşı, carı ilin may ayında büdcəyə edilmiş düzəliş nəticəsində qeyd olunan istiqamət üzrə xərclər 470 milyon manat artırılmışdır. Həmin işlərin mərkəzləşmiş qaydada  həlli üçün Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə Əlaqələndirmə Qərargahı  (ƏQ) yaradılmşdır. ƏQ-nın tərkibində 55 dövləqt qurumunu, təmsil edən 160 nəfərlik 16 işçi qrupu fəaliyyət göstərir. ƏQ artıq Strateji Fəaliyyət Planını (SFP) hazırlamışdır. SFP əsasında Tədbirlər Planı da hazırlanmışdır.  Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq işğaldan azad  edilmiş ərazilərin bərpası və yenidənqurulması işlərinin konseptual  əsasları da müəyyən edilmişdir. 4 mərhələdə fəaliyyət nəzərdə tutulmuşdur: İdarəetmə və təhlükəsizlik; infrastruktur məsələlərinin həlli; sosial xidmətlər; iqtisadiyyatın yenidən qurulması və inkişafı.

Yeni reallıqda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bir nömrəli məsələyə çevrilmişdir. Düşmən tərəf son 30 il ərzində işğal altında saxladığı torpaqlarımızı kütləvi şəkildə minalamışdır.. Azərbaycan dünyada ərazilərinin ən çox minalandığı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistan dəqiq mina xəritələrini Azərbaycana verməkdən imtina edir. Ermənistanın üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin dəqiqliyi 25 faizdir.

10 noyabr üçtərəfli bəyanatı ilə müharibəyə son qoyulsa da. Ermənistanın Azərbaycana qarşı “mina müharibəsi” davam etməkdədir. Bu isə beynəlaxaq hüquq norma və prinsiplərinə qarşı Ermənistanın həqarətli davaranışının növbəti bariz nümunəsidir. Birbaşa müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini ölkəmizə təqdim etsin.

Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradılmışdır. Bu xüsusda Prezident İlham Əliyev BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırış etmişdir. Görünür həqiqətən də “qozbeli qəbir düzəldər”. Ermənistan siyasi-hərbi rəhbərliyi öz təxribatçı mahiyyətindən uzaqlaşa bilmir. Cari ilin avqust ayında törətdiyi hərbi insident Ermənistan silahlı qüvvələri üçün növbəti qulaqburması oldu. Azərbaycanın yenilməz ordusu düşmənə yenə yerini göstərdi. Onu qaçmağa məcbur etdi. Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində suverenliyimiz tam təmin edildi. Düşmənin 12-14 sentyabr genişmiqyaslı hərbi təxribatı da tam fiaskoya uğradı. Ermənistan silahlı qüvvələri növbəti biyabırçı məğlubiyyətə düçar oldu. İtkiləri bu dəfə daha böyük oldu-100-lərlə erməni əsgərinin cəsədləri qarşı tərəfə təhvil verildi. Nə qədər ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu məğlubiyyətlərdən dərs almayıb, onları hər zaman belə hərbi fəlakətlər müşayiət edəcəkdir.

Beləliklə, Ali Baş Komandanın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və  onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı  müdafiə etməsi, dost  Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində  Azərbaycanın tam  qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edtmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi  öz  əbədi sahibinə-Azərbaycan xalqına qaytarmışdır.

Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

Qarabağ bizimdir.  Qarabağ Azərbaycandır!