YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qanları ilə tarix yazan Vətən oğullarının həyat yolu vətənpərvərlik məktəbidir

Məhəmməd Balaqadaşov

YAP Xaçmaz rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Sərəncamı ilə İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr  ölkəmizdə Anım Günü kimi qeyd edilir.  Bu mühüm hadisə Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri malik olduğu imkanların, ordumuzun gücünün, qüdrətinin, xalqımızın birliyinin, həmrəyliyinin, hər zaman Müzəffər Ali Baş Komandan İlham Əliyevdən “İrəli!” əmrini gözləyən Vətən oğullarının torpaq, Vətən sevgisinin  dünyaya təqdimatı oldu. Azərbaycanın müharibə təcrübəsinin beynəlxalq mütəxəssislər tərəfindən öyrənilməsi, dərsliklərə salınması həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

Azərbaycan işğal altında olan torpaqlarını sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolu ilə işğaldan azad edəcəyini ən yüksək tribunalardan bəyan edirdi. Tarixi həqiqətlərə, real faktlara əsaslanan təbliğatı sayəsində möhkəm hüquqi baza yaratdı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin torpaqlarımızı qeyd-şərtsiz azad etmələri öz əksini tapıb. Amma bu qətnamələr dünyanın ikili standartlara əsaslanan siyasəti nəticəsində 28 il icrasını gözləyərək kağız üzərində saraldı. Dünyanın aparıcı dövlətləri, hansı ki, münaqişənin  nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in Minsk qrupunun həmsədri olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurrasının daimi üzvləridirlər, belə bir yanlış fikirlə çıxış edirdilər ki, işğalçının adı ilə çağrılması  məsələnin ədalətli həllinə mane ola bilər. Guya bu, bitərəflilik prinsipinin pozulması kimi dəyərləndirilə bilər. 30 illik işğal dövründə belə əsassız, ən əsası işğalçı Ermənistana dəstəyi özündə ifadə edən yanaşmaların tətbiqi şəraitində Qarabağ münaqişəsinin sülh danışıqları əsasında  çözülməsini gözlədik.

Azərbaycan sülh danışıqlarını davam etdirməklə yanaşı, bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində davamlı inkişafa nail olmaq üçün mühüm addımlar atdı.  Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycana möhkəm təməl üzərində möhtəşəm uğurlar qazandırır. Bu uğurların zirvəsi kimi dəyərləndirilən şanlı Zəfərimiz Azərbaycanın dünəninə baxış, bu günü və gələcəyi üçün möhkəm təməldir.

Əksər dünya güclərinin dəstəyinə arxalanan Ermənistan  ölkəmizə qarşı təxrbatları ilə hər zaman olduğu kimi bu gün də diqqətdədir. 44 günlük İkinci Qarabağ müharibəsində işğalçı dövlətə tarixdə unuda bilməyəcəyi dərs verildi. Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də  Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutanda belə  ağır dərsi alacaqlarını, diz çökəcəklərini düşünmürdülər. 2020-ci ildə Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı hal aldı. Artıq dövlətimizin, xalqımızın səbri tükənmişdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısını almaq üçün əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu hər günü Qələbələrlə tarixə yazdı.

Ordu quruculuğu sahəsində aparılan islahatların məntiqi nəticəsi 2020-ci il sentyabrın 27-də başlayan, 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə oldu. Hərbçilərimizin Vətən məhəbbəti, torpaq sevgisi tarixi Zəfərimizin rəmzinə çevrildi. Ordu quruculuğu sahəsində aparılan islahatların nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyada ən güclü 50 ordusu sırasında çəkilir. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin heyrət doğuran qəhrəmanlığı, düşmənə ən yüngül silahlarla layiq olduğu yeri göstərərək bu qədim şəhərimizi işğaldan azad etmələri qəhrəmanlıq dastanına çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və düşməni torpaqlarımızdan qovduq” fikirləri möhtəşəm Qələbəmizin aydın ifadəsidir.  Prezident İlham Əliyev, eyni zamanda, bildirir ki, bu  şanlı Qələbənin qazanılmasının əsasında təkcə ən müasir silahlar deyil, qəhrəman hərbçilərimizin Vətənə bağlılıq duyğuları dayanır. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.

Qanları, canları ilə tarix yazan Vətən oğullarının həyat yolu bugünkü və gələcək nəsil üçün vətənpərvərlik məktəbidir. Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirik. 30 ilin işğalına son qoyan, Azərbaycanı dünyada qalib ölkə kimi tanıdan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna hər zaman minnətdarıq.