YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər yürüşü, yaxud ədalət zəfər çaldı!

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan 30 illik işğal dövründə ən yüksək tribunalardan  bəyan etdi ki,  ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. 30 il dünyadan ədalət, ən əsası BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrası üçün Ermənistana qarşı ciddi addımlar gözləyən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə bu kimi məsələləri təkbaşına özü yerinə yetirdi. Tarixi ədaləti bərpa etdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edərək dünyaya ikili standartlara əsaslanan siyasətin hansı faciələrə yol açdığını çatdırdı.  Azərbaycan Ordusunun zəfər yürüşü  dünyanın hərb tarixinə yeni səhifə yazdı. Artıq inkişaf etmiş ölkələrin ekspertləri Azərbaycanın müharibə təcrübəsini öyrənir, dərsliklərə salınmasının vacibliyini bildirirlər. Bu, Azərbaycan dövlətinin uğurlu siyasətinin, hərtərəfli inkişafa xidmət edən islahatlarının, təkmilləşmədə, yeniləşmədə maraqlı olmaqla yanaşı, onların tətbiqinə səy göstərməsinin göstəricisidir.

Azərbaycan 30 il sülh danışıqlarının davam etdirilməsi istiqamətində səylər göstərib, münaqişənin ədalətli həllinə çalışsa da Ermənistanın   məsələnin həlli ilə bağlı danışıqlardan yayınması, hərbi təxribatlara əl atmaq cəhdləri diqqətdən kənarda qalmadı. Bu reallıqları görməzdən gələn bəzi dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar idi. Hansı ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. 28 il bu qətnamələrin kağız üzərində saralması sübut etdi ki, dünya hüquq problemini yaşayır. Təbii ki, belə olan təqdirdə Ermənistan kimi işğalçı, təcavüzkar dövlət daha böyük iddialarla yaşayacaq, ədalətin və beynəlxalq hüququn olmadığını çəkinmədən bildirəcək. Ermənistanın baş naziri Nikol Paşinyanın  44 günlük İkinci Qarabağ müharibəsi dövründə sərsəm bəyanatları ilə diqqətdə olduğu müsahibələrinin birində jurnalistin beynəlxalq hüququn mövcudluğu ilə bağlı sualı qarşısında çaşqınlığı, bir az da irəli gedərək onun yoxluğunu bidirməsi əksər dünya güclərini  ciddi düşündürmək əvəzinə dəstəklərini göstərməkdə davam etdilər.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdən ərazilərimizi raket atəşinə tutdu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrinə uyğun olaraq əks-hücum əməliyyatına başladı. 44 günün hər gününü tariximizə Qələbə səhifəsi kimi yazan rəşadətli Ordumuz düşməni diz çökdürdü, hərbi texnikasını məhv etdi, yaxud qənimət kimi götürdü. Ermənistan silahlı qüvvələri torpaqlarımızdan qovuldu.  Azərbaycan Ordusunun gücü qarşısında dayana bilməyən Ermənistan silahlı qüvvələrinin silah-sursatı, hərbi texnikanı qoyub qaçmaları dünya mətbuatında da geniş şərh olundu.  44 günlük İkinci Qarabağ müharibəsi bütün həqiqətlərə işıq saldı. Sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusu, ən yenilməz, məğrur xalq Azərbaycan xalqıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev qalib ölkənin qalib Sərkərdəsi kimi adını tarixə qızıl hərflərlə yazdı.

Qələbəyə gedən yolun təhlili göstərir ki, Azərbaycan 30 il  müharibə şəraitində yaşasa da daim gələcəyə baxaraq bütün sahələrdə davamlı uğurlar qazanmaq üçün səylər göstərdi, torpaqlarımızın işğaldan azad ediləcəyinə, soydaşlarımızın öz dogma yurd-yuvalarına qayıdacaqlarına inamı itirmədi. Çünki ədalət hər zaman zəfər çalır.

Bu gün məhz bu uğurumuzun-torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayırıq. Azərbaycan Ordusunun  dünyanın ən güclü 50 ordusu sırasında yer alması, 44 günlük İkinci Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq, Böyük Qayıdışa yol açması uğurlu siyasətin nəticəsidir. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü Ordunun olması vacibdir. Bu fakt hər kəsə məlumdur ki, Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə mövcud ictimai-siyasi gərginlik digər sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğursuzluqlara səbəb olmuşdu. Həmin dövrdə silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi məlum olaylardandır. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bu sahədə mövcud vəziyyətin yaxşılaşdırılmasına, ordunun maddi-texniki bazasının formalaşdırılmasına, gənclərdə vətənpərvərlik hissinin daha da yüksəlməsinə böyük stimul verdi.

Son 19 ilə yaxın dövrdə Prezident İlham Əliyevin möhkəm təməl əsasında ordu quruculuğu sahəsində atdığı davamlı addımlar tarixi Zəfərimizi şərtləndirən amillər sırasında oldu. Müdafiə xərcləri dövlət büdcəsindən ayırmalarda birinci yerdə dayanır. Ali Baş Komandan İlham Əliyevin hərbi gücümüz barədə söylədiyi qətiyyətli fikirlər, keçirilən hərbi paradlarda nümayiş etdirilən ən müasir hərbi texnika, döyüş silah və sursatı bir daha bu çağırışı təsdiqləyirdi ki, biz hərb istəmirik, amma hərbə hər an hazırıq. Azərbaycan aparılan sülh danışıqları səmərə vermədiyi təqdirdə işğal altında olan torpaqlarımızın hərb yolu ilə azad ediləcəyini istisna etmirdi. Bu əminlik Azərbaycanın güclü, peşəkar ordusunun olmasından irəli gəlirdi. 44 günlük İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində mənfur düşmənə layiq olduğu yeri göstərmişdi.

2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması, Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, artilleriya qurğularından, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan İkinci Qarabağ müharibəsi  xalqımızın qəhrəmanlıq salnaməsinə yeni səhifələr yazdı. Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Diplomatiyada, siyasi müstəvidə gücünü göstərdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın hərbi-siyasi Qələbəsi təsdiqləndi. Qalib Ordumuz düşmənə heç vaxt unutmayacağı dərsi verdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan daim bəyan edir ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”u unutmasınlar.

Hazırda tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Azərbaycan qalib ölkə olaraq postmünaqişə dövrünün gündəliyini tərtib edir. Bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşaraq yeni səhifənin açılması  üçün ölkəmiz təcavüzkar dövlətə sülh müqaviləsinin imzalanmasını təklif edib. İki ilə yaxındır ki, Ermənistan konkret fikrini bildirmir, törətdiyi təxribatlarla sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir. Azərbaycan ərazi bütövlüyümüzə qarşı hər bir addımın qarşısını qətiyyətlə alır və alacaq. “Dəmir yumruq” əməliyyatından sonra Ermənistan silahlı qüvvələrinə verilən “Qisas” və “Qətiyyətli cavab” dərsləri Azərbaycan Ordusunun artan gücünün göstəricisidir. Qarabağ bizimdir!  Biz bu torpaqlarda əbədi olacağıq.