YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində Koordinasiya Komissiyası yaradılıb

Prezident İlham Əliyev “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini, komissiyanın üzvləri isə fövqəladə hallar, müdafiə sənayesi, daxili işlər, iqtisadiyyat, kənd təsərrüfatı, energetika, rəqəmsal inkişaf və nəqliyyat, səhiyyə, ekologiya və təbii sərvətlər nazirləri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, Qida Təhlükəsizliyi Agentliyinin sədri müəyyən edilib.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılacaq və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına həvalə edilib.

Komissiya təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi, bu obyektlərdə baş verə biləcək qəzaların qarşısının alınması ilə bağlı mütəmadi təhlillər aparılması və qabaqlayıcı tədbirlər görülməsi üçün təkliflər hazırlanmasını, bu sahədə müvafiq dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını və həyata keçirilməsini təmin edəcək.