YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq edir

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Azərbaycan dövləti uğurlu xarici siyasət həyata keçirir. Bu siyasət çərçivəsində dünya ölkələri ilə yanaşı  beynəlxalq təşkilatlarla fəal əlaqələr qurulur. Belə təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-16-da ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Bu, Azərbaycan Prezidentinin iyunda dövlət səfərindən sonra bu il Özbəkistana ikinci səfəridir. Bu fakt ölkələrimiz arasında sıx əməkdaşlığın və qardaşlıq münasibətlərinin bariz nümunəsidir. Eyni zamanda, Prezidentin İlham Əliyevin sammitə dəvət olunması dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzunun göstəricisidir. Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan imicinin ifadəsidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub və bu əlaqələri ildən-ilə uğurla inkişaf etdirir.

ŞƏT-in Səmərqənd sammitində qəbul edilən Bəyanatında yer alan ayrı-ayrı müddəalar qurumun dialoq tərəfdaşı olan Azərbaycanın həyata keçirdiyi siyasətlə tam üst-üstə düşür və ölkəmizin üzv dövlətlərlə və bütövlükdə təşkilatla əlaqələrinin dərinləşməsinə yeni imkanlar yaradır. ŞƏT-in fəaliyyət prioritetləri sırasında terrorizmə, ekstremizmə, separatçılığa qarşı mübarizə xüsusi yer tutur. Təsadüfi deyildir ki, qurum “Terrorizm, separatizm və erkstremizmə qarşı mübarizə haqqında” ayrıca  Konvensiya qəbul edib.  Bu kimi müddəalar Səmərqənddə qəbul olunan Bəyanatda da yer alıb.

ŞƏT-in bəhs olunan istiqamətlərdə faliyyəti həmçinin Azərbaycanın da maraqları ilə tam üst-üstə düşür. Azərbaycan son 30 ildə Ermənistanın terrorizm, separatçılıq və ekstremizm siyasətindən əziyyət çəkən ölkədir. Təcəvüzkar Ermənistan ötən əsrin doxsanıncı illərindən başlayaraq havadarlarının dəstəyi ilə Azərbaycanın ərazilərinin 20 faizini öz nəzarəti altına aldı və burada qanunsuz məskunlaşma siyasəti apardı. Həmin ərazilərdən azərbaycanlılar son nəfərədək qovuldular. 30 il  ərzində mənfur düşmən işğal altında saxladığı ərazilərdə ölçüyəgəlməz vandalizm əməlləri törədib, bütün yaşayış məntəqələrini dağıdaraq talayıb, ekologiyamıza, mədəni irsimizə böyük ziyan vurub. Ermənistanın işğalçılıq siyasəti regional təhlükəsizliyə və sabitliyə də ciddi təhdidlər yaradırdı. Anlaşılmaz hal idi ki, Ermənistanın terrorizmə, separatçılığa əsaslanan siyasətinə qarşı beynəlxalq səviyyədə adekvat addımlar atılmırdı. Səmərqənddə qəbul olunan Bəyanatda bir dövlətin öz təhlükəsizliyini başqa dövlətlərin təhlükəsizliyi hesabına təmin etməsinin yolverilməzliyi xüsusi vurğulanıb. Prezident İlham Əliyev də sammitdə çıxışında bu məqamları xüsusi vurğuladı.

Bütövlükdə, Azərbaycanın özünün xatici siyasətində Şanxay Əməkdaşlıq Təşkilatından mühüm platforma kimi istifadə etməkdədir. Azərbaycanın çox vacib geosiyasi və goğrafi mövqedə yerləşməsi Asiya ilə Avropanın iqtisadi-ticarət əlaqələrində önəmli rol oynayır. Bu fakt ölkəmizə böyük dividentlər qazandırır.