YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil ölkə, müstəqil siyasət

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycan öz milli maraqlarına hesablanan müstəqil xarici siyasət yürüdür. Hər zaman sülh və əməkdaşlıq tərəfdarı olan ölkəmizin məqsədi regionda davamlı inkişaf və möhkəm əsaslı təhlükəsizliyin təmin olunmasıdır. Ölkəmizin 2020-ci ildə Vətən müharibəsində qazandığı parlaq Zəfərdən dərhal sonra Ermənistanla sülh müqaviləsi imzalamaq təşəbbüsü ilə çıxış etməsi və işğaldan azad edilmiş ərazilərdə             bərpa-quruculuq işlərinə başlaması deyilənlərə bariz sübutdur. Baxmayaraq ki, Azərbaycan 30 il işğaldan əziyyət çəkib, eyni zamanda beynalxalq ədalətsizliklə üzləşib. Beynəlxalq ədalətsizliklə üzləşmək əsasən işğalçı Ermənistana qarşı təzyiqlərin olmaması, həmçinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin 27 il əzində yerinə yetirilməməsidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən məlum dörd qətnamə sadəcə kağız üzərində qalmışdı. Baxmayaraq ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirilir. Lakin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı qəbul olunmuş qətnamələr haqqında bunu demək mümkün deyil.

BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icrasını Azərbaycan özü təmin etdi. Təbii ki, Azərbaycan keçmiş Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edərək beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunmasına nail oldu.  Ölkəmiz hər zaman təhlükəsizlik və ədalətin tərəfdarı olaraq, öz fəaliyyətini beynəlxalq hüququn prinsipləri əsasında qurub. 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxış edərkən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan öz fəaliyyətini bundan sonra da beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək. Bu prinsipləri əsas tutduğu üçün Azərbaycan artıq dünyada yüksək nüfuz sahibinə çevrilməyi bacarıb. Ölkəmiz bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. 2019-cu ildən Azərbaycan 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyinin yekdilliklə daha bir il - 2023-cü ilə qədər uzadılması ölkəmizə olan hörmətin və etimadın göstəricisidir. Bir sözlə, Azərbaycan artıq beynəlxalq aləmdə yüksək nüfuz sahibidir və bu da ölkəmizin tərəfdaşlarının sayının artmasına səbəb olur.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində Prezident İlham Əliyev ölkəmizin regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyinə də diqqət çəkdi. Bu isə Azərbaycanın böyük tranzit və nəqliyyat-kommunikasiya imkanlarına malik olmasından, eləcə də regionun inkişafındakı marağından irəli gəlir. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri çərçivəsində avtomobil və dəmir yollarının çəkilməsi, beynəlxalq hava limanlarının inşası tranzit imkanlarımızı artırmaqla yanaşı, bölgənin hərtərəfli inkişafına təkan verəcəkdir. Bundan əlavə, 2020-ci ildə Vətən müharibəsindəki Zəfərimiz nəticəsində Azərbaycanın yaratmış olduğu yeni reallıqlardan olan Zəngəzur dəhlizi də bu əsasda çox böyük əhəmiyyətə malikdir. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artacaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq. Ümumiyyətlə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi və keçmiş Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb.