YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan regionda sabitlik mühitinin formalaşmasını ləngidir

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri

Erməni silahlı birləşmələrinin 13 sentyabr tarixində respublikamızın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar rəsmi İrəvanın hələ də Azərbaycana qarşı revanşist və işğalçı planlarından əl çəkmədiyini göstərir. Açıq-aşkar görünür ki, Ermənistan regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin formalaşmasını hər vəchlə ləngitməyə, bununla da Cənubi Qafqazda forpost rolunu oynayan bu ölkəni hər zaman təsir altında saxlayan destruktiv qüvvələrin maraqlarını təmin etməyə çalışır. Bu barədə sentyabrın 16-da Səmərqənddə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşündə etdiyi çıxışında Təşkilata üzv ölkələri dövlət başçılarını məlumatlandıran Prezident İlham Əliyev birmənalı olaraq vurğuladı ki, Ermənistanın bu təxribatı iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinə böyük bir zərbə oldu. Əlbəttə ki, baş verənlərə görə bütün məsuliyyət də məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Etiraf olunmalıdır ki, bu Cənubi Qafqazda gedən proseslərə, qonşu ölkələrlə münasibətlərin qurulmasında gözlənməli olan əsas prinsiplərə yanaşmada Ermənistan və Azərbaycan arasında aşkar fərqlilik müşahidə olunur. Bu fərqlilik ilk növbədə özünü ölkəmizin ədalət prinsiplərinə və beynəlxalq hüquq normalarına sadiqliyində göstərir. Prezident İlham Əliyevin regionda sülh çağırışlarına rəğmən rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəkləməsi faktı ədalətli mövqelərdən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycana rəğbəti və tərəfdaş ölkələrinin sayını artırmalıdır. Artıq beynəlxalq ictimaiyyət ikili standartlar siyasətindən əl çəkməli, sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, milli şovinizmi təbliğ edən Ermənistan arasında seçim etməlidir.

Çox təəssüflər olsun ki, yaranmış bu kimi vəziyyətlərdə bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsiz fəaliyyəti diqqəti cəlb edir. Prezident İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnaməsi illər uzunu kağız üzərində qaldı. Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmadı. Buna görə də Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və yalnız bundan sonra BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası təmin olundu. Məhz bu kimi halların təkrar olunmaması üçün bu gün Ermənistanın 13 sentyabr tarixində, eləcə də ondan əvvəl yol verdiyi hərbi təxribatlar və ölkəmizə qarşı revanşist planlarını reallaşdırmaq cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi ciddi şəkildə tələb olunmalıdır.

Ermənistan hökuməti dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır və törətdiyi bütün hərbi cinayətlərə görə hüquqi məsuliyyət daşımalıdır. Rəsmi İrəvana qarşı bu ittihamları irəli sürmək üçün Azərbaycanın əlində dəlillər vardır. Ermənistanın törətdiyi ən ağır hərbi cinayətlərdən biri də indiyədək mina xəritələrinin hələ də Azərbaycana verilməməsidir ki, bu məsələ 13 sentyabr təxribatları fonunda yenidən gündəmə gəldi. Belə ki, xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini ciddi şəkildə çətinləşdirir. Digər tərəfdən də işğaldan azad olunmuş ərazilərdə bastırılmış minaların mövcudluğu mülki əhalinin tələfatına  səbəb olur. Bu isə Ermənistanın həm də terrorçu ölkə kimi tanınmasına ciddi əsas verir.