YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsi əbədiləşdirilib

Yevlax rayonu Xaldan kəndində şəhidlərin xatirəsinə abidə ucaldılıb.

Mərasimində Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin I müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən ŞİH başçısı Anar Tağıyev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb. Bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanması hər birimiz üçün qürurvericidir. Şəhidlərimizin timsalında biz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qüdrətini, gücünü əyani şəkildə gördük. Onlar bizim qəlbimizdəki 30 illik Qarabağ həsrətinə son qoydular. Şəhidlərimiz Azərbaycan oğullarının qəhrəman, igid, yenilməz olduqlarını sübut etdilər. Onlar Azərbaycanın hər bir vətəndaşına örnək olan bir həyat yolu keçdilər.

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Sağlamlıqlarını torpaq uğrunda itirən Qarabağ əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır, şəhid ailələri və qazilərə mütəmadi olaraq mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.

Müharibə əlillərinə, şəhid ailələrinə, veteranlara Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtlı-vaxtında təmin edilir.

Milli Məclis sədrinin I müavini Əli Hüseynli Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin qorunmasında şəhid və qazilərimizin, igid vətən oğullarının şücaətindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasətindən danışıb, qazilərə şəfa, şəhidlərimizə Allahdan rəhmət diləyib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu bir daha dünyaya qüdrətini sübut edərək, şəhidlərimizin qisasını aldı, torpaqlarımızı işğaldan azad etdi. Həmçinin şəhid ailələrinin, müharibədə sağlamlığını itirən qazilərin problemləri daim diqqət mərkəzində olduğu, son illərdə bu istiqamətdə çox böyük işlərin görüldüyü diqqətə çatdırılıb.

Şəhid ailələrinin üzvləri qeyd ediblər ki, Vətən müharibəsində şəhidlərimizin qanı yerdə qalmadı. Övladlarımızın döyüşçü yoldaşları onların yarımçıq qalan işlərini sona qədər tamamladılar.

Həmçinin şəhid ailələrinin üzvləri ölkəmizdə şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Şəhidlərin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına əklillər, tər gül-çiçək dəstələri düzülüb.