YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövnəq Abdullayev: 2025-ci ilədək Azərbaycanın qaz ixrac potensialının 40 milyard kubmetrə çatdırılması tamamilə realdır

“Cənub” qaz dəhlizi ilə bağlı planlar yalnız “Şahdəniz-2” ilə məhdudlaşmır. Bu layihə gələcək perspektivlər zəncirində əsas, amma yalnız ilk halqanı təşkil edir. 2025-ci ilədək Azərbaycanın qaz ixrac potensialının 40 milyard kubmetrə çatdırılması tamamilə realdır. Bu qazın da çox hissəsi Avropa bazarına təchiz oluna bilər. Əlbəttə, belə böyük həcmlərin nəql edilməsi üçün təhlükəsiz daşınmanı təmin etmək iqtidarında olan və ötürücülük qabiliyyətinin artırılması potensialına malik müvafiq qaz-nəql infrastrukturu lazımdır.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində məlumat verib. SOCAR-ın prezidenti qeyd edib ki, üç mühüm seqmentdən ibarət olan “Cənub” qaz dəhlizi məhz elə bir sistem olacaq. Birinci seqment hazırda “Şahdəniz” qazının Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə nəqlini həyata keçirən və regionda enerji təhlükəsizliyinin mühüm amili olan Cənubi Qafqaz Boru Kəməridir (CQBK). Ötürmə qabiliyyəti ildə 20 milyard kubmetr təşkil edən bu kəmər işləkliyini artıq sübuta yetirib. CQBK-nin genişləndirilməsi indiyədək aparılmış işlərin davamı olacaq.

R.Abdullayev bildirib ki, ikinci seqment kimi Trans-Anadolu qaz boru kəməri – TANAP nəzərdə tutulur. Bu, Azərbaycan və Türkiyənin birgə layihəsidir. TANAP-ın illik ötürücülük qabiliyyəti ilk mərhələdə 16 milyard kubmetr təşkil edəcək. Sonradan bu göstəricinin 30 milyard kubmetrədək artırılması imkanları da nəzərə alınıb. “Cənub” qaz dəhlizinin üçüncü seqmentini isə Trans-Adriatik qaz boru kəməri - TAP təşkil edəcək. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşərək, Yunanıstan və Albaniya ərazilərindən, Adriatik dənizinin altında keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunacaq təbii qazın qitənin digər böyük qaz istehlakçılarına – Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq.

 

DİGƏR Xəbərlər Arxiv