YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə təltif edildikləri medalların təqdimat mərasimi keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin deputatı İlham Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, qazilər, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAP Yevlax rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev bildirib ki, 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistanın Qarabağda növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu 44 günlük Zəfər yürüşü ilə ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Silahlı Qüvvələrimiz hər bir kənd, qəsəbə, şəhər, yüksəkliyin düşməndən təmizlənməsi uğrunda rəşadətlə mübarizə apardı, böyük tarixi nailiyyətlərə imza atdı. Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, müzəffər Ordumuzun cəsurluğu, qəhrəmanlığı nəticəsində Zəfərlə başa çatdı. Bu tarixi Qələbə əbədiyaşar şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı və Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazıldı.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı Zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq.

A.Tağıyev Vətən üçün öz sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını ifadə edib. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli vurğulayıb ki, Prezident İlham Əliyev başqa yolumuz qalmadığı üçün torpaqlarımızı işğaldan azad etmək naminə başladığımız Vətən müharibəsində möhkəm əqidəli, hərtərəfli yüksək hazırlığa malik və qətiyyətli lider kimi hərb işinə də böyük bacarıqla rəhbərlik etməyin əsl nümunəsini göstərdi. Ali Baş Komandanımızın siyasi-ideoloji cəbhədə, informasiya müharibəsi aparmaqda və hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində nümayiş etdirdiyi qeyri-adi professionallıq, sarsılmaz iradə və Müzəffər Ordumuzun rəşadəti Azərbaycanın ədalətli Vətən müharibəsində qazandığı böyük Zəfərin möhkəm əsaslarını təşkil edib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, Vətən müharibəsində vətənpərvər oğullarımızın erməni təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbələr endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Bu günlər ərzində ordumuzun işğalçı erməni ordusuna qarşı apardığı müharibə milli şüurun, xalq və ordu birliyinin təcəssümünə çevrildi. Hər kəs Vətən fədaisi oldu o günlər. İllərlə yaşadığımız ağrı-acılar sevincə çevrildi. Ordumuzun bu qalibiyyəti bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan xalqı qarşısına qoyduğu hər bir vəzifəni yerinə yetirə bilmək qüdrətindədir. Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan Ordusunun hər bir fərdi özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadirdir.

Sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə təsdiq edilmiş “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və Baş nazir Əli Əsədovun sərəncamı ilə təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medalları Vətən müharibəsi iştirakçılarına və qazilərə təqdim olunub.

Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.