YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“TeliaSonera” azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün yeni sosial layihə reallaşdıracaq

İsveçin “TeliaSonera” şirkətlər qrupu azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlar üçün yeni sosial layihə reallaşdıracaq. Layihə çərçivəsində İsveçin məşhur uşaq nağılları Azərbaycan dilinə tərcümə ediləcək və azərbaycanlı qaçqın və məcburi köçkün uşaqlara paylanacaq.

Bu barədə mayın 5-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun “TeliaSonera” şirkətlər qrupunun nümayəndə heyəti ilə görüşündə məlumat verilib.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Əli Həsənov təəssüflə bildirdi ki, problemin həlli istiqamətində yaradılan ATƏT-in Minsk qrupu uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq, real nəticə yoxdur. Münaqişənin həllinin uzadılmasının ikili standartlardan qaynaqlandığını vurğulayan Baş nazirin müavini dedi ki, ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Dünyanın ən mötəbər beynəlxalq təsisatı olan BMT-nin Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələr Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Lakin 20 ildən artıqdır ki, həmin qətnamələr icra olunmur. Ancaq digər məsələlərlə bağlı qətnamələr dərhal yerinə yetirilir. Bunun özü də dünyada ikili standartların göstəricisidir.

Respublikamızın son illərdə əldə etdiyi uğurlar, eləcə də iqtisadiyyatda qazanılan nailiyyətlər barədə məlumat verən Əli Həsənov Azərbaycanın tolerant ölkə olduğunu, müxtəlif dinləri təmsil edən millətlərin dinc yanaşı yaşadıqlarını diqqətə çatdırdı.

“TeliaSonera” şirkətlər qrupunun həyata keçirəcəyi sosial layihəni yüksək qiymətləndirən Baş nazirin müavini, eyni zamanda, Azərbaycan uşaq nağıllarının da ingilis dilinə tərcüməsini, eləcə də İsveç və Azərbaycan uşaqlarının görüşlərinin təşkilinin səmərəli olacağını vurğuladı.

“TeliaSonera”nın prezidenti və baş direktoru Yohan Dennelind şirkətin Azərbaycanda fəaliyyəti, “Azercell Telekom”un mobil rabitə sektorunda qazandığı nailiyyətlər, həyata keçirdiyi xidmətlər, yeni nəsil telekommunikasiya texnologiyalarının tətbiqi və s. yeniliklər haqqında məlumat verdi.

Azərbaycana üçüncü dəfə səfər etdiyini və hər səfərində də iqtisadi inkişafın yeni nəticələrini görməkdən şad olduğunu söyləyən Y.Dennelind dedi: “Təəssüf ki, Azərbaycan ilə bağlı böyük işlər görə bilməmişik. Ancaq bu sahədə fəaliyyətimizi artıracağıq. Bu fəaliyyət müxtəlif istiqamətləri əhatə edə bilər. Biz əvvəlcə İsveç nağıllarının Azərbaycan dilinə tərcüməsindən başlayırıq. Bu işdə İsveç hökuməti də bizə dəstək verir. Eyni zamanda, tələbə mübadiləsi proqramı üzərində də işəyirik və bu məsələ hazırda müzakirə mərhələsindədir”.

Bir müddət əvvəl məcburi köçkünlərlə görüşmək üçün yaradılan şəraitə görə minnətdarlığını bildirən İsveçin ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad reallaşdırılacaq layihələrin əhəmiyyətindən danışdı, bu istiqamətdə birgə əməkdaşlığın sosial proqramların həyata keçirilməsində mühüm rol oynadığını vurğuladı.

Azərbaycan Baş nazirinin müavini tələbə mübadiləsi proqramını da yüksək dəyərləndirərək, məcburi köçkün uşaqların bu layihəyə cəlb edilməsinin daha uğurlu nəticələrə səbəb olacağını diqqətə çatdırdı və bu işdə onlara lazımi kömək göstəriləcəyini dedi.