YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi partiyalar haqqında yeni qanuna ictimai-siyasi zərurət var

“Azərbaycanda “Siyasi partiyalar haqqında” yeni qanuna ictimai-siyasi zərurət var”.

Bu fikri Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib.

A.Əsgərli xatırladıb ki, Azərbaycanda ilk dəfə 1992-ci ilin iyun ayında “Siyasi partiyalar haqqında” qanun qəbul olunub: “Zaman-zaman bu qanun layihəsinə 60-dan çox düzəlişlər olub. 2019-cu ildən ölkədə siyasi açılım oldu. Belə ki, həmin il ilk dəfə Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bundan sonra siyasi partiyalarla iş sahəsində, habelə ölkədə siyasi dialoq, milli həmrəylik istiqamətində zəruri addımlar atıldı. Qısa zamanda siyasi partiyaların qeydiyyatı məsələsi öz həllini tapdı. Bir neçə partiya dövlət qeydiyyatına alındı, bir çox partiyaların qurultayı keçirildi, 20-dən artıq siyasi partiya qərargahla təmin olundu. Vətən müharibəsi başlayanda, demək olar ki, bütün siyasi partiyalar Azərbaycan dövlətinin yanında olduğunu bildirən bəyanatla çıxış etdilər. Bu da ölkədə siyasi həmrəyliyin bariz nümunəsi idi”.

YAP İdarə Heyətinin üzvü bildirib ki, ölkədə yeni siyasi konfiqurasiyanın müəyyən olunduğu bir vaxtda “Siyasi partiyalar haqqında” yeni qanunun olması zərurətdir: “Bu qanun 20-ə yaxın ölkənin təcrübəsi və Venesiya Komissiyasının Azərbaycana göndərdiyi tövsiyələr əsasında təkmil bir formada hazırlanıb. 39 siyasi partiya bu yeni qanun layihəsinə dair təkliflərini Milli Məclisə təqdim edib. Sentyabrın sonunda yeni qanun layihəsi ilə bağlı Milli Məclisin deputatları və bütün bu siyasi partiya təmsilçilərinin iştirakı ilə geniş ictimai dinləmələr keçiriləcək”.

A.Əsgərli vurğulayıb ki, yeni qanun layihəsinin müsbət, təqdir olunan cəhətləri var: “İlk dəfə olaraq Azərbaycanda “Siyasi partiyalar haqqında” qanunda siyasi terminlər açıq təqdim olunub. Ümumiyyətlə, qanunun birinci fəslində siyasi fəaliyyətə aid bütün terminlərin açıqlaması verilib. Və ya orada partiyalara dövlət yardımı məsələsi konkret olaraq göstərilib. Düzdür, bu məsələ əvvəlki qanun layihəsində də var idi. Amma yeni bir məsələ də buraya daxil olub. Yeni qanun layihəsində bu məsələ də var ki, əlavə və təkrar seçkilərə yeni siyasi partiyalar düşə bilərsə, yaxud siyasi partiyalarda dəyişiklik olarsa, o partiyalara da dövlət tərəfindən maliyyə yardımının göstərilməsi nəzərdə tutulub. Eyni zamanda, orada konkret olaraq maliyyənin, uçotun şəffaf aparılması məsələsi, ümumiyyətlə, partiyaya köçürülən vəsaitlərin yalnız nağdsız, bank hesabına köçürülməsi nəzərdə tutulub. Hətta ianə və üzvlük haqqının da bank hesabına köçürülməsi qeyd olunub”.  

A.Əsgərlinin fikrincə, ölkədə güclü siyasi partiyaların formalaşması mühüm əhəmiyyətə malikdir: “Hazırda Azərbaycanda 50-dən artıq partiya var. Mövcud qanuna görə partiyaların qeydiyyatı üçün üzvlərin sayının minimum min nəfər olması lazımdır. Yenin qanun layihəsində bu rəqəmin 10 min olması təklif edilir.

Siyasi partiyalar yeni qanun layihəsi qəbul olunandan 90 gün sonra reyestrini təqdim etməlidirlər. 10 min üzvü olacaqsa, həmin partiyalar öz fəaliyyətlərini davam etdirə bilərlər. Və ya partiyaların təmərküzləşməsi də mümkündür. Yəni bir neçə partiya siyasi xəttə uyğun olaraq birləşə bilər”.