YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji diplomatiyası Azərbaycana nə qazandırır? – TƏHLİL / VİDEO

İtaliyada keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumu dünyanın diqqətində oldu. Forumda regional və beynəlxalq təhlükəsizliklə əlaqədar mühüm məsələlər müzakirə edildi, yeni dünya nizamında Azərbaycanın yerinə və roluna nəzər yetirildi. Xüsusilə, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələri təhlil və təqdir olundu.

“Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edən Prezident İlham Əliyev respublikamızın enerji strategiyasının mühüm məqamlarına, prioritetlərinə və nəticələrinə geniş diqqət yetirdi. Bir daha məlum oldu ki, Azərbaycan enerji təhlükəsizliyi sahəsində dünyada etibarlı və perspektivli tərəfdaş imicinə malikdir. 

Bəzi xalqlar və dövlətlərin timsalında yeraltı sərvətlər, xüsusilə də enerji resursları “bədbəxtlik gətirən bəxşiş”, yəni  “Troya atı” kimi səciyyələndirilir. Bu, daha çox neft və qaz ehtiyatlarından milli məqsədlərə - strateji maraqlara uyğun istifadə olunmaması ilə əlaqədardır. Bu xüsusda biz inkişafa xidmət edə biləcək potensialın tənəzzül mənbəyinə çevrilməsinin nümunələrini cahanın üç qitəsini - Asiya, Afrika və Avropa coğrafiyasını əhatə edən ölkələrin timsalında görmüşük. Başqa sözlə, dünya bu sindromu yaşamış ölkələrin nümunəsində iqtisadi böhran, siyasi xaos, çevriliş, inqilab və digər çoxsaylı neqativ hallara şahidlik edib.

Azərbaycan nümunəsi isə müsbət və mütərəqqi örnək kimi diqqəti cəlb edir.

1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə əsası qoyulan enerji strategiyasının uğurla icra olunması nəticəsində həm sosial-iqtisadi inkişaf, yüksəliş təmin olunub, həm də Azərbaycanın təşəbbüsü və liderliyi ilə geostrateji əhəmiyyətli layihələr reallaşdırılıb, mühüm beynəlxalq əməkdaşlıq platformaları yaradılıb.

Bu gün yeni kontraktlar imzalanır, Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji təhlükəsizliyi sahəsində böyük uğurlar əldə edir.

Ən əsası, Azərbaycanın enerji siyasəti regionda təhlükəsizliyin möhkəmlənməsində, əməkdaşlığın dərinləşməsində mühüm amil kimi çıxış edir.

Bütövlükdə, Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən yaradır. Və ölkəmizin təşəbbüsləri və liderliyi ilə enerji layihələrinin reallaşdırılması Cənubi Qafqaz və Xəzər regionunun geosiyasi statusunu yüksəldir.

Yeni reallıqlar fonunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da rolu artır. ABŞ Prezidenti Cozef Bayden bir müddət öncə dövlətimizin başçısına göndərdiyi məktubda bu gerçəkliyi “tarixin mühüm anı” kimi təsvir etmişdi.

Şübhəsiz ki, bu ifadə Şərqi Avropada müharibə, Cənubi Qafqazda isə postmüharibə vəziyyətinin hökm sürdüyü bir vaxtda yeni dünya nizamının formalaşdığı şəraiti ifadə edir.  Bəzilərinin III Dünya, bir sıra ekspertlərin isə I Avropa müharibəsi adlandırdıqları Rusiya-Ukrayna savaşı şəraitində və sonrakı mərhələdə “qoca qitə”nin enerji təhlükəsizliyi həyati-strateji əhəmiyyət daşıyır. Avropanın alternativ mənbələrə ehtiyacının olduğu  ifadə edilir. Buna görə də etibarlı tərəfdaş olan Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi daha da aktuallaşır. Ölkəmizə inam və etimad sonsuzdur. Çünki Azərbaycan uzun müddətdir ki, Avropa bazarında etibarlı enerji təchizatçısıdır və prosesdə hər hansı fasilə olmayıb. Bu isə həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi sabitlik və inkişaf məsələsidir.

Nəticə etibarilə, uğurlu enerji diplomatiyası Azərbaycanın ikitərəfli və çoxşaxəli münasibətlərinin inkişaf etdirilməsinə, yeni çağırışlar və reallıqlar fonunda iqtisadi yüksəlişin təmin olunmasına xidmət edir.

Şübhəsiz ki, inam və etimad ünvanı, perspektivli və etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əməkdaşlıq bundan sonra da diqqət mərkəzində olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “sözümüzün imzamız qədər keçərli olması”, müstəqil və uğurlu siyasət bu reallığı təmin və mümkün edir.