YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi mərhələdə…

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından bu günə qədər ölkəmiz balanslaşdırılmış xarici siyasət kursu həyata keçirməkdədir. Bütün tərəflərə bərabər yanaşma, milli maraqlar naminə bütün dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq bizim keyfiyyət kredomuza çevrilib. 1994-cü ildə öz təbii sərvətlərini dünya ölkələrinin, bazarlarının diqqətinə çatırmaqda daha çox təşəbbüskar olan Azərbaycanla indi əməkdaşlığa daha çox maraq yaranıb.

Rusiya-Ukrayna müharibəsi yaxınlaşan qış ərəfəsində Avropa ölkələrinin qaza olan tələbatını artırmaqla onları müharibənin səbəbkarı hesab etdikləri ölkədən asılı hala salıb. İndi Avropa ölkələri alternativ qaz mənbələri axtarmağa və hər il milyardlarla avroluq tələbatlarını Rusiyadan yan keçirməyə çalışırlar. Bununla bağlı ölkəmizə avropalı rəsmilərin və Avropa ölkələrinə Prezident İlham Əliyev tərəfindən edilmiş səfərlərin böyük əhəmiyyəti vardır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Bunun üçün siyasi iradə, investisiya və əlbəttə, texniki şərtlərin yerində olması böyük əhəmiyyətə malikdir.

Azərbaycan bir çox beyin mərkəzlərinə ev sahibliyi edir və Prezident İlham Əliyevin himayədarlığı ilə faydalı müzakirələr həyata keçirilir. Avropanın ən dəyərli beyin mərkəzləri Vətən müharibəsindən sonra regionda sülh və əməkdaşlığı bərpa etmək üçün faydalı müzakirələr təşkil etməkdədirlər. Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri zamanı cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı İtaliyada böyük marağa səbəb olub. Xatırladım ki, bu beyin mərkəzi 1965-ci ildən İtaliyanın və Avropanın maraqlarına uyğun olan, iqtisadiyyatın inkişafına xidmət edə biləcək potensial tərəfkeşlər axtarılması işini və bu istiqamətdə, yəni ölkənin təhlükəsizliyinin qorunması, dövlətin daha da güclü və qüdrətli olması üçün, siyasi və geosiyasi mövqelərin daim möhkəmləndirilməsi üçün siyasətçilər, iqtisadçılar, alimlər daim müzakirələr aparır və bu istiqamətdə onlara fayda verə biləcək böyük alimlərin, siyasətçilərin və potensiala malik dövlət başçıları ilə ikitərəfli münasibətlər qurulması siyasətini təşviq edirlər. Beynəlxalq Çernobbio Forumu eyni zamanda da Avropadakı böyük şirkətlərin biznes fəaliyyətlərini təhlil edir. İtaliya üçün böyük əhəmiyyətə malik yüksək vəzifəli həssas qonaqların iştirakı vacib müzakirələrin əhəmiyyətini daha da artırır. Ötən illərdəki qonaqlar sırasında Co Bayden, Rəcəb Tayyib Ərdoğan, Emmanuel Makron, Şimon Perez və digərləri olublar. Göründüyü kimi Avropada baş verən iqtisadi meyillərin siyasətə təsirinin, inteqrasiyasının müzakirə olunduğu bu platforma böyük nüfuza malikdir.

Prezident İlham Əliyev 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı ilk olaraq Azərbaycan-İtaliya münasibələrinə toxunaraq bildirib ki, ölkəmiz İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. İndi ölkəmiz eyni zamanda, İtaliyaya ixrac edəcəyi qazın həcmini də artırdı. Bizim əməkdaşlığımız yalnız enerji sahəsini əhatə etməməkdədir. İtaliya həm də Azərbaycanın NATO-ya və Aİ-yə inteqrasiyasını dəstəkləyən ölkələrdəndir.

İtaliya eyni zamanda da Azərbaycanın haqlı mübarizəsində ədalətli mövqe tutub. Bunun nəticəsi kimi indi azad olunmuş ərazilərin bərpa işlərində Türkiyədən sonra ikinci yerdə məhz İtaliya şirkətləri yer alıb. Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Son səfər çərçivəsində Azərbaycan-İtaliya Universitetinin yaradılması və ADA Universiteti ilə İtaliyanın beş universiteti arasında əməkdaşlıqla bağlı rəsmi sənədlərin imzalanması da ölkələr arasında münasibətlərimizdə yeni mərhələdir.

Prezident İlham Əliyev forumda çıxışı zamanı Azərbaycanın enerji siyasətini üç tarixi mərhələyə bölüb. İlkin olaraq 1994-cü il “Əsrin müqaviləsi”nin imzalandığı dövrdə Azərbaycan dünyanın ən nüfuzlu şirkətlərini ölkəmizə cəlb etdi və bununla da Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi tanıtmağa başladı.

İkinci mərhələ Cənub Qaz Dəhlizinin yaradılması dövrüdür. Bu dəhlizə sərmayə qoyulanda bir çox mənbələr bəlkə də bizləri qınayırdılar. Bu gün isə Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Uzunluğu 3500 km olan dağların zirvələrindən, dənizlərin dibindən keçən Cənub Qaz Dəhlizi 3 hissədən ibarət nəhəng layihədir. TANAP, TAP və Cənub Qaz Boru Kəməri indi Avropanı qazla təmin edəcək ən etibarlı dəhlizdir. Lakin regionumuzda sülhün təminatı ilə bağlı Zəngəzur dəhlizinin açılması Avropaya qaz ixracında böyük məsafələri qısaltmaq hökmündədir.

Üçüncü mərhələ isə bərpaolunan enerji mənbələrinin tətbiqidir. İstər Xəzər dənizində, istərsə də azad olunmuş ərazilərdə böyük yaşıl enerji və bərpaolunan enerji potensialları var. Məlumat üçün deyim ki, 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Biz daxili enerji istehlakını azaltmaqla və daxili enerji tələbatını bərpaolunan enerji mənbələrinin hesabına təmin etməklə bu sahəyə istifadə olunan qazı da Avropaya ixrac etməyi planlaşdırırıq. Həm də bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir. Göründüyü kimi Azərbaycan həm resurslara sahib ölkə, həm də qonşu ölkələrin mənbələrini Avropaya çatdıracaq tranzit ölkə kimi böyük potensiala malikdir.

Bildiyimiz kimi, Prezident İtaliyaya Brüselldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin moderatorluğu ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra yollandı. Bizim yaratdığımız və qəbul etdirdiyimiz yeni reallıqları yalnız Ermənistan deyil, bütün dünya qəbul edir. Çünki Azərbaycan sülh, əmin-amanlıq və əməkdaşlıq vəd edir ki, bunun da alternativi yoxdur. Azərbaycanın təklif etdiyi sülh danışıqlarının baza prinsipləri əsasında sülh müqaviləsinin hazırlanması üçün artıq ilkin görüşlərin vaxtı bəllidir.

Azərbaycan böyük və məsuliyyətli tarixi bir mərhələni həll etmək üzrədir. Bu amil dövlət başçısı İlham Əliyevə olan hörməti və ehtiramı artırmaqdadır. İstər İtaliyanın “İl Sole 24 Ore” qəzetinin müxbiri Roberto Boncorniyə müsahibəsi, Beynəlxalq Çernobbio Forumunda iştirakı, istərsə də Avropanın müxtəlif informasiya agentliklərinə verdiyi müsahibələr zamanı Prezident İlham Əliyevə olan ehtiram və etimad hiss olunmaqdadır. Həm qalib ölkənin müzəffər rəhbəri kimi, həm də mürəkkəb bir regionda sülh və əməkdaşlığı təmin etməyə çalışan bir müdrik lider kimi ona xüsusi yanaşma var.  Prezident İlham Əliyev öz tutarlı və etibarlı siyasəti ilə ölkəmizə və xalqımıza başucalığı gətirməkdədir. O, müzəffər komandan, dahi siyasətçi və müdrik diplomat olduğunu hər bir platformada nümayiş etdirmək qabiliyyətinə malikdir.