YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çoxşaxəli əməkdaşlığın yeni səhifəsi

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri 

Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində artan rolu ilə Avropa İttifaqı ölkələrinin diqqətini getdikcə daha çox cəlb etməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasına rəsmi səfər çərçivəsində sentyabrın 2-də Beynəlxalq Çernobbio Forumuna dəvət olunması təkcə ayrı-ayrılıqda götürülən Avropa ölkələrinin deyil, ümumilikdə Avropa İttifaqının ölkəmizlə əməkdaşlıqda son dərəcə maraqlı olduğunu, gələcəyə dair qurulan strateji planlarında Azərbaycanın da iştirakını görmək istədiklərini təsdiq edir. Qeyd etmək lazımdır ki, Mərkəzi Avropada, eləcə də bu məkanın hüdudlarından kənarda əhatəli tərəfdaşlıq şəbəkəsinə malik olan “The European House - Ambrosetti” beyin mərkəzi 1965-ci ildən fəaliyyət göstərir və hazırda İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində 1 nömrəli beyin mərkəzi hesab olunur. Həmçinin bu təsisat Avropada ilk onluqda qərarlaşmaqla İtaliya və Avropa şirkətləri üçün əhəmiyyətli olan məsələlərin müzakirə olunduğu forumlar və müxtəlif beynəlxalq tədbirlər təşkil edir. Bununla da “The European House - Ambrosetti” ilk növbədə İtaliya şirkətlərinin qlobal tərəfdaşları ilə əlaqələrinin yaradılmasına və əməkdaşlığın təşviqinə böyük töhfələr verir.

Məlum olduğu kimi, artıq 1994-cü ildə, ötən əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdikdən cəmi üç il sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu və tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü.

Bu gün Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən problemli məsələlərdən birinə çevrilib. Məhz bu problemin həlli ilə bağlı da Avropa İttifaqı ölkələrinin nəzərləri indi Azərbaycana yönəlib. Son dövrlərdə Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Əlbəttə ki, Azərbaycanın enerji strategiyasının önəmli bir mərhələsi də nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Prezident İlham Əliyevin Çernobbio Forumunda çıxışında xatırlatdığı kimi, Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır və Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Azərbaycan son bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Lakin Azərbaycan qazına olan tələbat durmadan artır. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu bütün ölkələr üçün böyük perspektivlər vəd edir.  Həmçinin öz çıxışında Azərbaycan Prezidenti İonik-Adriatik boru kəməri layihəsini də xatırladaraq bildirdi ki, bu layihə Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq.

Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-dən sentyabrın 2-dək davam edən Romaya işgüzar səfəri ölkəmizin həyatında çox mühüm bir iqtisadi-siyasi hadisədir. Məlumdur ki, Avropanın ən böyük iqtisadiyyatına sahib ölkələrindən biri olan İtaliya ilə Azərbaycanın sıx dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Prezident İlham Əliyevin 2020-ci ildə İtaliyaya dövlət səfəri zamanı 28 sənəd imzalanmışdı. Həmin sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin xüsusi əhəmiyyəti qeyd olunmalıdır. Bu sənəd iki ölkə arasında münasibətlərin inkişafında başlıca plan rolunu oynamaqla siyasi dialoq, ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələləri özündə ehtiva edir. Azərbaycan Prezidentinin İtaliyaya son səfəri çərçivəsində enerji, iqtisadiyyat, elm və təhsil kimi strateji sahələr üzrə yeni tərəfdaşlıq platformalarının yaradılması isə ölkələrimiz arasında əməkdaşlığın yeni bir səhifəsini açdı.