YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir

Etibar Hacıyev

YAP Ağstafa rayon təşkilatının sədri

Tarixi Zəfərimizin reallıqları fonunda hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş miqyas alıb.  Bu ərazilərin malik olduğu iqtisadi potensialdan səmərəli istifadə etmək məqsədilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqləndi. Həmçinin Prezident İlham Əliyevin Fərmanı əsasında iqtisadi rayonların yeni bölgüsü həyata keçirildi.

Dövlət başçısı İlham Əliyev İtaliyaya işgüzar səfəri zamanı Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu”  mövzusunda çıxışında Azərbaycanın enerji strategiyasının  əsas mərhələlərindən biri kimi bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsinə xüsusi diqqət göstərərək bildirdi ki,  bu sahənin böyük potensialını nəzərə alaraq sərmayə qoymaq bizim mənəvi öhdəliyimiz idi. Artıq bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Belə ki, Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. İşğaldan azad edilmiş  ərazilərdə - Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Artıq bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Səudiyyə Ərəbistanı,  Birləşmiş Ərəb Əmirliyi və  Birləşmiş Krallıqdan aparıcı enerji şirkətləri artıq investisiya yatırır və onlar yenilənə bilən üç enerji stansiyasına yatırım etməyə davam edəcəklər. Bu stansiyaların ümumi gücü 700 meqavatdan çoxdur. Bu, ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcək ki,  bu da  ixrac potensialımızı gücləndirəcək.

Qarabağın və Şərqi Zəngəzurun tezliklə böyük investisiyalar məkanına çevriləcəyi şəksizdir. O da məlumdur ki, bu il ənənəvi keçirilən  Bakı Enerji Həftəsinin  sonunda Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa Azərbaycanın enerji tərəfdaşlarını bir araya gətirərək  bərpa olunan enerji sahəsində imzalanan müqaviləyə şahidlik etdi. Bu sənəd  Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji” sektorunun böyük potensiala malik olduğunu bir daha təsdiqlədi.

Azərbaycanın enerji diplomatiyası ölkələr arasında əməkdaşlığın inkişafına xidmət edir. Ölkəmizin iştirakçısı və təşəbbüscüsü olduğu enerji layihələri ölkələri və xalqları daha da yaxınlaşdırır, onlar arasında körpü rolunu daha da möhkəmləndirir.

2003-cü ildən Prezident İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyub. Bu sahədə qazanılan uğurlar göz qabağındadır. Hazırda işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi imkanlar nəzərdən keçirilməklə gələcəkdə bu hədəfin gerçəkləşməsinə daha böyük töhfələr veriləcəyinə əminlik ifadə edilir.

Prezidenti İlham Əliyev Çernobbio şəhərində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində “Azad olunmuş ərazilərdə işlərin şaxələndirilməsində İtaliya şirkətlərinin ölkənizə kömək etməsi üçün yeni müqavilələr imzalana bilərmi” sualını cavablandırarkən bildirdi ki, İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. İtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir.  Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. Daha bir İtaliya şirkəti  Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Beləliklə, atılan bu addımlar  münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir.

Dövlət başçısı sözügedən müsahibədə qarşıda dayanan planları da açıqladı: “Məsələn, bərpaolunan - külək, günəş və su elektrik stansiyalarının qurulmasında daha çox İtaliya şirkətini dəvət etmək üçün böyük planlarımız var.” Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, İtaliya  işğaldan azad olunan bölgələrdə Türkiyədən sonra öz ikinciliyini bütün yenidənqurma prosesi zamanı qoruyub saxlayacaq.

Qısa təhlil Azərbaycanın istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafında maraqlı olduğunu təsdiqləyir. Bu, ölkəmizin xarici siyasətinin dəyişməz prinsiplərinə söykənir. Azərbaycan daim qarşılıqlı etimad mühitinin yaradılmasında, bu fonda əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Hazırda enerji sektoru ilə yanaşı, qeyri-neft sahəsində mövcud imkanlar əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Bu onu ğöstərir ki, Azərbaycan “Neft kapitalını insan kapitalına çevirək!” tezisini uğurla reallaşdırır. Romada İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə əlaqədar  sənədlərin imzalanması da bunun bariz nümunəsidir. Əməkdaşlığımız bütün sahələri əhatə edir.  

DİGƏR Xəbərlər Arxiv