YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü

Həbib Cəfərov

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri

Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə  dünyanın diqqətində olub. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə inkişafın əsası qoyuldu. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm  verməsi uzaqgörən siyasətinin nəticəsi idi. 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası dövlət başçısı İlham Əliyevin  “Biz nadir və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik” tezisinin təsdiqidir.

Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumundakı “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında bildirdi ki, bu mürəkkəb dönəmdə müzakirələrin əsas mövzusu enerji siyasətidir. “1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, tezliklə  Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq  ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük: “Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq.”

Dövlət başçısı İlham Əliyev tarixən neft ölkəsi kimi tanınan Azərbaycanın qaz ixracatçısı kimi nüfuz qazanmasından da bəhs etdi. Ölkəmizin regional əməkdaşlığın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi artan rolu əsaslı şəkildə diqqətə çatdırıldı. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin  2018-ci ilə də rəsmi açılışı oldu. Həmin ilin iyun ayında TANAP, 2020-ci ilin dekabr ayının son günündə TAP istifadəyə verildi. Beləliklə, Cənub Qaz Dəhlizi layihəsinin icrası tam tərkibdə uğurla başa çatdı.

Xatırlasaq, 2011-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Cənub Qaz Dəhlizi haqqında” Birgə Bəyannamə əlaqələrin inkişafında başlanğıc kimi dəyərləndirildi. Birgə Bəyannamədə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında rolu yüksək qiymətləndirilərək, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğu bildirilmişdir. Dövlət başçısı, eyni zamanda, bu əminliyi ifadə etmişdir ki, imzalanmış sənədlər uğurla həyata keçiriləcək və Azərbaycan qaz potensialından öz xalqının rifahı, ölkəmizin gələcək inkişafı və Avropadakı tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsi üçün istifadə edəcək. Bu tərəfdaşlıq nəinki illər, onilliklər boyu olacaq.

Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyası enerji siyasətimizin düzgün qurulduğunu nümayiş etdirir.  Azərbaycanla Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlər arasında bu sahədə qurulan əmkdaşlığın yüksələn xətlə inkişafı göz qabağındadır. O da məlumdur ki, dövlət başçsı İlham Əliyevin 2020-ci ildə İtaliyaya rəsmi səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalanması özündə bütün məqamları ehtiva etməklə qarşıdakı dövrdə əlaqələrin inkişafı barədə aydın təsəvvür yaratdı. Artıq bu fikri qeyd edə bilərik ki, münasibətlər müttəfiqliyə doğru inamla inkişaf edir.

Göründüyü kimi, ölkəmizin dünya enerji bazarında rolu və mövqeyi möhkəmlənir. Qarşıdakı illərdə də enerji siyasətimizin əsas amili olan şaxələndirmə məsələlərinə tam məsuliyyətlə yanaşmaq imkanları artmaqdadır. Dövlət başçısının Forumdakı çıxışı Azərbaycanın bugünədək enerji diplomatiyasının uğurlarına işıq salmaqla bərabər, hədəflərə nail olmaq üçün böyük imkanların və təcrübənin də olduğunu təsdiqlədi. Azərbaycanın enerji ehtiyatları qarşıdakı illərdə də Avropa dövlətləri üçün etibarlı mənbə olacaq. Ölkəmizin enerji diplomatiyasının beynəlxalq səviyyədə dəstəklənməsi ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarıdır. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən  mövqeyinin təqdimatı oldu. Bütün bu amillər istər qonşu, istərsə də Avropa dövlətləri ilə əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə stimul verir.