YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə: bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədə

Əfsun Sucayev

YAP İdarə Heyətinin üzvü, elmlər doktoru

Qardaş Türkiyə xalqı 30 Avqust tarixində Zəfər Bayramının 100-cü ildönümünü qeyd etdi. Yüz il əvvəl Türkiyənin qurucusu Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılmış bu şanlı qələbə böyük qardaşlarımızın qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biri hesab olunur. Türkiyənin müstəqillik və istiqlaliyyət mübarizəsi salnaməsinə qızıl hərflərlə yazılmış bu böyük zəfər təkcə qardaş ölkə üçün deyil, Azərbaycan və azərbaycanlılardan ötrü ən əziz bayramdır. Ona görə sosial şəbəkələrdə yaşanan coşqu, böyükdən kiçiyə hamının keçirdikləri sevinc-fərəh dolu hisslərini təbrik mesajları ilə bir-birinə çatdırması başa düşüləndir.

Sözün əsl mənasında möhtəşəm zəfərdən ötən bir əsr sonra bu gün qardaş ölkəmiz hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir dövləti, necə deyərlər, əsl söz sahibinə çevrilib. Dünyada və regionda baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri beynəlxalq aləmdə, haqsızın qarşısında, məzlumun yanında olmasına görə isə müsəlman dünyasında Türkiyəmizə yüksək nüfuz qazandırıb.

Xüsusi qürur hissi ilə qeyd edilir ki, ümummilli lider Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin isə dünyada bənzəri yoxdur.

Doğrudan da, dünyada Azərbaycan və türk millətindən bir-birinə yaxın olan çoxlu xalq və millətlər vardır. Uzağa getmək lazım deyil. Bu gün ruslarla ölüm-qalım mübarizəsi aparan ukraynalılar Şərqi slavyan xalqlarının bir ailə üzvləri olsalar da, hazırda onlardan başqa bir-birinə bu qədər nifrət edən ikici xalqın nümayəndələrinə rast gəlmək çox çətindir.

Azərbaycan-Türkiyə isə xalqlarımızdan daha yaxın olan rus-ukrayna xalqları arasında mümkün olmayan münasibətlərin əksinə dünyada analoqu olmayan bir qardaşlıq nümunəsi yaradıblar və ətraf bu münasibətə baxıb, ancaq qibtə edirlər.

Bəzən qəzetlərdə, kitablarda deyilir, yazılır ki, iki qardaş ölkə arasında münasibətlər həmişə yüksək səviyyədə olub. Hardasa, razılaşırıq. Amma onu da etiraf etməliyik ki, bu münasibət indiki səviyyədə heç zaman olmayıb. Bunun da memarları Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Prezidenti Rəcəb Təyyub Ərdoğandır. Demək istədiyimiz odur ki, dost, ya qardaş və ya qonşu olsun, ölkələrarası, dövlətlərarası, millətlərarası və xalqlararası münasibətləri yaratmaq, inkişaf etdirmək, o ölkənin birinci şəxsindən aslıdır. Əgər belə olmasaydı, 1993-cü ildə I Qarabağ müharibəsində mühasirədə qalan Kəlbəcər rayonunun dinc sakinlərini təhlükəsiz yerlərə daşımaq üçün Azərbaycanın o vaxtkı birinci şəxsinin Türkiyənin o vaxtkı rəsmilərindən çox yox, iki helikopter istəməsinə mənfi cavab verilməzdi.

Vətən Müharibəsi adlandırdığımız II Qarabağ savaşında isə Azərbaycana ən böyük dəstək verən ölkə Türkiyə idi. Müharibənin ilk günündən sonuna qədər qardaşlarımız bir ağızdan “dost və qardaş Azərbaycanın yanındayıq, yanında olmağa davam edəcəyik” söyləmələri necə də qürurverici hisslərdi. Prezident Ərdoğanın obyektiv və sərt bəyanatları, atdığı qətiyyətli addımlar, onun düşünülmüş diplomatik gedişləri, xüsusən “... əgər bu münaqişədə qırmızı xəttimiz keçilərsə, inciməsinlər, babamızın oğlu da olsa gözümüz görməz” kəlmələri Azərbaycanın işğalda olan ərazilərini qaytarmaq uğrunda aparılan müharibənin uğurlu gedişinə təkan verdi.

Bəli, Azərbaycanın tarixi qələbəsini təmin edən mühüm amillərdən biri qardaş Türkiyənin ölkəmizə qətiyyətli, birmənalı və güclü mənəvi-siyasi dəstək göstərməsi idi. İstər 30 ilə yaxın müddət ərzində davam edən münaqişə dövründə, istər 44 günlük Vətən müharibəsi zamanı, istərsə də postmüharibə mərhələsində qardaş Türkiyənin Azərbaycanın yanında olması sevindirici və qürurverici olmaqla yanaşı, ölkələrimizin tarixin mühüm anlarında – taleyüklü məqamlarda birlikdə olduqlarını, çətin və mürəkkəb sınaqlardan əzmlə, ləyaqətlə və şərəflə çıxdıqlarını təsdiqləyir.

Dövlət başçımızın 30 Avqust tarixində Zəfər Bayramının 100-cü ildönümünü ilə əlaqədar ünvanlandırdığı təbrik məktubunda da vurğuladığı kimi dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur: “Əminəm ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Təbii ki, regionun yeni geostrateji reallıqlarını təsdiqləyən sənəd kimi Şuşa Bəyannaməsi Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərinə yeni mənəvi-siyasi və hərbi-strateji məzmun verib, müttəfiqlik əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə - yeni mərhələyə yüksəlməsini təmin edib. Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, “biz dostuq, qardaşıq və rəsmən müttəfiqik”. Şuşa Bəyannaməsinin imzalanmasından sonra görülən işlər iki ölkə arasında siyasi, iqtisadi-ticari, hərbi-strateji, mədəni-humanitar sahələrdə münasibətlərin inkişafına güclü təkan və önəmli töhfədir.

Bu gün ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlıq ən yüksək səviyyədədir. Regionun və xalqlarımızın təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələrimizin daha da gücləndirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, bunun ən mühümlərindən biri paytaxt bu ilin aprel-may aylarında Bakınının ev sahibliyi etdiyi elm, texnologiya və innovasiyaların bayramı olan “Texnofest” idi. O, çox keçmədən öz yerini təkcə musiqimizin beşiyi, mədəniyyətimizin paytaxtı olan Şuşa şəhərində Yeni Azərbaycan Partiyası və Ədalət və İnkişaf Partiyasının (Adalet və Kalkınma Partisi-AKP) birgə təşkilatçılığı ilə baş tutan Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransa verdi. Bura növbəli şəkildə iki ölkənin bu və digər şəhərlərində müxtəlif adlar altında ayrı-ayrı hərbi birliklərin, Azərbaycan və Türkiyə əsgərlərinin çiyin-çiyinə taktiki-əməliyat təlimlərini də əlavə etsək, doğurdanda iki dost, qardaşlıqdan da üst səviyyədə olan ölkələrimizin yüksək səviyyədə münasibətlərinin yaratdığı qürurverici mənzərə dostu sevindirir, düşməni isə xar edir.

Elmi nöqteyi-nəzərdən əməkdaşlıq imkanlarını nəzərə alsaq görərik ki, qardaş, dost, müttəfiq olan ölkələrimiz arasında bir vahid elmi platformanın yaradılması da məqsədəuyğundur. Çünki Azərbaycanın elmi-tədqiqat müəssəsələri və Yüksək Texnologiyalar Parkı kimi təşkilatları onsuz da ayrı-ayrılıqda Türkiyənin elmi mərkəzləri ilə bu və ya digər formada əməkdaşlıq edirlər. Təkcə, icraçı direktoru olduğum akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu (AKİ) fundamental və tətbiqi sahədə həyata keçirdiyi müştərək beynəlxalq tədqiqatlarda, məhz Türkiyənin aparıcı elm, təhsil və innovasiya mərkəzlərinə üstünlük verməkdədir. Belə ki, 2015-ci ildən qardaş Türkiyənin aparıcı elm mərkəzləri sayılan, dünyanın məhşur universitetlərinin reytinq siyahısında ön sıralarda yer alan ali təhsil müəssisələri – Orta Doğu Texnik, Hacetepe, İstanbul Texnik, Atatürk, Bartin, Ege, Mərmərə, Sinop universitetləri ilə fundamental nəzəri tədqiqatlar sahəsində əməkdaşlıq edir. Hər bir universitetlə imzalanmış əməkdaşlıq müqavilələrində gənclərin təcrübəkeçməyə cəlb edilməsindən tutmuş, müştərək beynəlxalq laboratoriyaların yaradılması və yüksək ixtisaslı kadr hazırlığı və ən əsası beynəlxalq səviyyəli birgə tədqiqatların aparılmasına qədər bütün bunları əhatə edən akademik təcrübə mübadiləsinin reallaşdırılması praktik olaraq razılaşdırılmış və həyata keçirilməkdədir.

Ötən müddətdə ilk dəfə olaraq AKİ-də sintez olunan yeni fizioloji fəal maddələrin antioksidant aktivliyi, enzim-izoenzimlər üzərində inhibitor təsirləri Atatürk və Bartin universitetlərində analiz olunmuş və yüksək təsirə malik olmaları təsdiq edilib. Yekun nəticələrə görə, alınan maddələr bədxassəli şiş (xərçəng), mədə traktı, tənəffüs yollarının iltihabı, Alzheimer (yaddaşitmə, ağıl zəifliyi), qlaukoma, şəkərli diabet, yüksək hipertoniya və sair xəstəlik doğuran patoloji proseslərə yüksək inhibitor təsir göstərirlər. Hətta onlar standart dərman kimi tətbiq olunan takrin, α-tokoferol və troloksa nisbətən 10 dəfə yüksək təsirə malikdir.

Bu tədqiqatların mühüm nəticələri dünyanın Springer, Elcevier, Wiley, Taylor & Francis kimi nüfuzlu nəşriyyatlarına daxil olan, impakt faktoru yüksək, “Web of Science”, “Scopus” kimi tanınmış elm bazalarında arxivləşmiş jurnallarda 50-ə yaxın məqalə şəklində çap olunmuş, onlara dünya alimləri tərəfindən 2000-ə yaxın istinad olunub.

Hazırda bu tədqiqat qrupları ilə dünya elmində ən son yeniliklərdən biri sayılan ayrı-ayrı enzim-izoenzimlər üzrə “molekulyar dokinq” tədqiqatlara başlanılmış və ölkəmizdə bioüzvi kimya sahəsində yeni bir tədqiqat istiqaməti müəyyənləşdirilib.

Bu gün dünya alimlərinin elmmetrik meyarlarla qiymətləndirilməsi üzrə reytinq siyahısında İnstitmuzun alimlərinin adı Türkiyəli həmkarlarımızla qoşa çəkilir. Əsərlərinə dünya alimlərinin ən çox istinad göstərildiyi alimlər sırasında Azərbaycan-Türkiyə alimlərinin yanaşı olmasından elm adamları üçün sevindirici başqa şey ola bilməz.

Bu yaxınlarda Türkiyəli həmkarlarla birgə həyata keçirilən müştərək elmi tədqiqatların nəticələrinə həsr olunan beynəlxalq elmi seminarın da təşkil olunmasının əsas məqsədi indiyə qədər aparılmış tədqiqatların əsas nəticələrini bir daha müzakirə etmək və gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirmək olmuşdur. Bu xüsusda Qarabağın zəngin flora örtüyünə malik olduğunu nəzərə alaraq, növbəti mərhələdə oradan toplanılan dərman bitkilərinin ekstraktlarının fizioloji fəallıqlarının öyrənilməsi ilə bağlı birgə tədqiqatların keyfiyyətcə yeni istiqamətdə aparılmasını mümkün edəcəkdir.

AKİ tərəfindən dost, müttəfiq ölkələrlə fundamental tədqiqatlarla yanaşı, tətbiqi işlər sahəsində də müştərək tədqiqatlar aparılmaqdadır. Artıq qardaş ölkədə fəaliyyət göstərən SOCAR Türkiyə Araşdırma İnkişaf və İnnovasiya Şirkəti ilə “Torpaqların bioremediasiyası üçün mikrob məhsulunun hazırlanması”, “Çirkab sularının təmizlənməsi” və “Bioauqmentasiya” sahələrində beynəlxalq səviyyəli müştərək tədqiqatların aparılması üçün razılıq əldə olunub.

Yuxarıda qeyd olunduğu kimi fundamental tədqiqatlar sahəsində birgə əməkdaşlıq ölkələrimizin qarşılıqlı olaraq malik olduğu elmlərinin dünya elminə inteqrasiyasını sürətləndirirsə, tətbiqi sahədə müştərək elmi işlər eyni zamanda o ölkələrin iqtisadi inkişafına və müdafiə qüdrətinin yüksəldilməsinə müəyyən töhvə vermiş olacaq. Xüsusən də indiki dünya ölkələrin qlobal problemlərə görə düşdüyü çıxılmaz vəziyyətdə ölkələrimizin strateji məhsullarla təchizat məsələsi meydana gəldiyi üçün, inhisarçı hegemon ölkələrin idxal asılılığından azad olunmaq nöqteyi-nəzərdən Azərbaycanla analoji problemləri yaşayan Türkiyə kimi ölkələr üçün tətbiqyönlü elmi əməkdaşlığın faydası dəfələrlə artmış olacaq. 

Allah bu birliyimizi, tamlığımızı, bütövlüyümüzü pozmasın, daha da möhkəm etsin!