YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın hərbi və diplomatik gücü

Tural Qasımlı

YAP Şamaxı rayon təşkilatının sədri

Avqustun 26-da Laçının Azərbaycan Ordusunun nəzarətinə keçməsi dövlətimizin hərbi gücü ilə yanaşı, diplomatik gücünü də ortaya qoydu. Ordumuzun Laçında yerləşməsi xəbərini eşitdikdən və general-mayor Kənan Seyidovun Laçın şəhərindən Müzəffər Ali Baş Komandana məruzə etdiyi möhtəşəm kadrları izlədikdən sonra Prezident İlham Əliyevin “nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözləri bir daha öz təsdiqini tapdı. Rəşadətli Ordumuzla bir daha fəxr etdik. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizi bir daha minnnətdarlıqla andıq, onlara Allahdan rəhmət, qazilərimizə şəfalar dilədik.

Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ərzində uğurlu döyüş əməliyyatları ilə torpaqları işğalçılardan təmizlədi, Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atmalı oldu.

Lakin Ermənistan tərəfi bu Bəyanatın şərtlərini yerinə yetirmək istəmir, bu bəyanatla üzərinə düşən öhdəliklərin icrasını müxtəlif bəhanələrlə süni surətdə uzatmağa çalışırdı. Azərbaycan tərəfinin qətiyyətli mövqeyi, prinsipial münasibəti erməniləri bu dəfə də geri çəkilməyə vadar etdi. Azərbaycanın tarixi torpağı olan Laçın, eləcə də Zabux və Sus kəndləri ordumuzun nəzarətinə keçdi. Bu tarixi nailiyyət bir daha dövlətimizin ərazi bütövlüyü, suverenlik məsələsində nə qədər prinsipial olduğunu ortaya qoydu.

Laçın və ətraf kəndlərin ordumuzun nəzarətinə keçməsi, Azərbaycanın strateji əhəmiyyətli bu ərazilərdə möhkəmlənməsi, proseslərin gələcək inkişafına da öz müsbət təsirini birmənalı şəkildə göstərəcək. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu günə qədər olduğu kimi, bundan sonra da Ermənistanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə vadar edəcək və öz tarixi torpaqlarına sahib çıxacaq.