YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi tariximizdə mühüm mərhələ

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin keçdiyi həyat yoluna nəzər saldıqda aydın olur ki, o həyatının bütün mərhələlərini doğma xalqının xoşbəxt gələcəyinə həsr etmiş nadir şəxsiyyətlərdəndir. Ulu Öndər Dövlət Təhlükəsizlik Komitəsində xidmətə başladığı dövrlərdə həmin orqanda çalışanların tam əksəriyyətini qeyri-azərbaycanlılar təşkil edirdi. Dövlət Təhlükəsizlik Komitəsinin qeyri-azərbaycanlı əməkdaşlarının xalqımıza qarşı apardığı repressiyalar nəticəsində millətimizin nurlu ziyalı kütləsi aradan götürülür, uzunmüddətli həbsxana həyatı yaşamağa məhkum edilirdi. Ümummilli Lider Dövlət Təhlükəsizlik Komitəsində yüksək vəzifəyə gəldikdən sonra qeyd olunan orqanda milli kadrların sayını artırmaqla xalqımıza qarşı aparılan düşünülmüş məhvetmə siyasətinin qarşısını aldı və müəyyən mənada xalqımız bu repressiyalardan xilas edildi.

Ulu öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçildiyi zaman Azərbaycan keçmiş SSRİ respublikaları arasında inkişaf səviyyəsinə görə ən sonuncu yerlərdən birində qərarlaşmışdı. Ulu öndər Heydər Əliyevin gərgin əməyi, qətiyyətli mövqeyi və şəxsi nüfuzu hesabına Azərbaycan sürətli inkişaf yolu keçərək ən yüksək səviyyəyə ucaldı. Azərbaycan aqrar-sənaye ölkəsinə çevrildi. Keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə təhsil almaq üçün azərbaycanlı gənclər göndərildi və respublika üçün tələb olunan kadr potensialı formalaşdırıldı və həmin kadrlar müxtəlif sahələrdə işlə təmin edilərək Azərbaycanın gələcək uğurlarının əldə olunmasında iştirak etdilər.

Azərbaycana qarşı ermənilərin torpaq iddialarının qarşısının alınması, Azərbaycanda dövlət müstəqiliyinin elan edilməsi və onun itirilməsi təhlükəsinin aradan qaldırılmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri var.

Azərbaycanın o dövrkü rəhbərliyi Moskvanın verdiyi tapşırığa əməl etməklə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışına hər vəchlə əngəl törətməyə çalışırdı. Bütün maneələrə baxmayaraq, ulu öndər Heydər Əliyev Azərbaycana dönməyi bacardı və 1990-1993-cü illərdə Naxçıvanda yaşadı. Qədirbilən xalqımız Heydər Əliyevin göstərdiyi xidmətləri nəzərə alaraq onu həm Azərbaycan Ali Sovetinin və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və eyni zamanda, sədri vəzifəsinə seçdi. Ulu Öndər özünün qətiyyəti, böyük dövlətçilik təcrübəsi və şəxsi nüfuzu hesabına mühasirə şəraitində olan Naxçıvanı bütün təhlükələrdən qorudu, erməni təcavüzünün qarşısı qətiyyətlə alındı. Naxçıvan mühasirə şəraitində olmasına baxmayaraq, Qarabağın müdafiəsi üçün də yetərincə silah və sursatla yardım göstərdi.

Keçmiş SSRİ-nin siyasi varisi olan Rusiya Fedorasiyasının hərbi hissələrinin Naxçıvan Muxtar Respublikasının ərazisindən çıxarılması bütövlükdə  Azərbaycanın ərazisindən başqa dövlətlərin silahlı qüvvələrindən təmizlənməsi yolunda açar rolunu oynadı.

Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısında ən mühüm xidmətlərindən biri və bəlkə də birincisi 1993-cü ilin iyun hadisələri zamanı Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin və vətəndaş müharibəsinin aradan qaldırılması oldu.  1993-cü ilin iyun ayının 15-də Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə qayıtmaqla respublikada ictimai-siyasi sabitliyi təmin edərək xaos, hərc-mərcliyi aradan qaldırdı, ayrı-ayrı şəxslərə və siyasi qüvvələrə xidmət edən silahlı dəstələri ləğv edərək, vahid komandanlığa tabe olan nizami ordu formalaşdıraraq  ölkəmizə qarşı ermənilər tərəfindən aparılan işğal prosesini durdurmaqla dövlət quruculuğu siyasətini uğurla davam etdirdi, Azərbaycanın iqtisadi inkişafını təmin edən “Böyük Neft Kontraktı”nı kənar  güclərin təqib və təzyiqlərini dəf edərək imzaladı, ölkənin ilk Konstitusiyasını qəbul etməklə qanunvericilik bazasının əsasını qoydu, bütün sahələrdə genişmiqyaslı islahatlar kursunu davam etdirdi.  Nəticədə beynəlxalq aləmdə nüfuzu ilbəil artan müasir, müstəqil Azərbaycan dövləti quruldu. Əldə edilən bütün uğurların təməlində xalqımızın xilaskar oğlu, Ümummilli lider Heydər Əliyevin dahi zəkası, böyük dövlətçilik təcrübəsi, xalqına, dövlətinə sonsuz məhəbbəti və qətiyyətli mövqeyi dayanır. Nə qədər müstəqil Azərbaycan var, xalqımızın tarixində ulu öndər Heydər Əliyev əbədi yaşayacaq.