YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naxçıvandan başlayan xilaskarlıq missiyası

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.

XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, о cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunur. Həmin dövrdə sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərdi. Bu dövrlərdə bütün Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi ulu öndər Heydər Əliyev oldu.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına səbəb oldu. Bununla bağlı ulu öndər Heydər Əliyev sonralar demişdir: “Müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin demək olar ki, əksəriyyətini təşkil edirdi. Naxçıvanın müstəqillik, milli-azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi”.

Heydər Əliyev 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvana gəldi. 1990-cı il 21 avqustda Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (MSSR) Ali Sovetinin Rəyasət heyəti ulu öndər Heydər Əliyevin Naxçıvan MSSR vətəndaşlığı barədə qərar qəbul etdi. Respublikada baş verən mürəkkəb proseslərin gedişində, 1990-cı il sentyabrın 30-da XII çağırış Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. 340 deputat Ali Sovetə seçildi. Təkrar seçkilər oktyabrın 14-də, dekabrın 16-da və 30-da keçirildi. Seçkilərdə sovet Azərbaycanı tarixində ilk dəfə olaraq müxalifətin nümayəndələri olan 43 nəfər deputat seçildi. Onlar özlərini Demokratik Azərbaycan bloku adlandırırdılar. Seçkilərdə ulu öndər Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi.

Naxçıvan MSSR Ali Sovetinin ağsaqqal deputatı kimi Heydər Əliyevin sədrliyi altında 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiya iclasında Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsinə dair mühüm məsələlər müzakirə olundu və vacib tarixi qərarlar qəbul edildi. Hələ SSRİ-nin, sovet sisteminin və kommunist ideologiyasının mövcud olmasına baxmayaraq, sessiya iclasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” ifadələri çıxarıldı, Naxçıvan MSSR-in Naxçıvan Muxtar Respublikası adlandırılması haqqında qərar qəbul edildi. Ali Sovetin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı. İclasda Azərbaycan Xalq Cümhuriyyətinin aypara və səkkizguşəli ulduz şəkilli, üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında məsələ müzakirə olundu. Ümummilli lider Heydər Əliyevin təklifi əsasında milli dövlət bayrağı məsələsi ilə əlaqədar olaraq qəbul edilən qərarda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması, Azərbaycan Respublikasının ali qanunverici orqanından Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxılması və milli-tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayraq, gerb və himnin qəbul olunması haqqında vəsatət qaldırıldı.

Böyük tarixi-siyasi əhəmiyyət daşıyan bu qərar Azərbaycanda milli dövlətin bərpası ideyasının həyata keçirilməsi sahəsində atılan ilk addım idi. Bununla da Naxçıvan müasir müstəqil Azərbaycan dövlətinin atributlarından birinin rəsmi şəkildə qəbul edildiyi yer oldu. Ulu öndər Heydər Əliyev tərəfindən hazırlanan “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərarda ilk dəfə olaraq qanlı yanvar hadisələrinə düzgün siyasi qiymət verilir, Azərbaycan SSR-in suveren hüquqlarına, respublikada gedən demokratik proseslərə qəsd kimi, dinc əhaliyə - silahsız kütləyə, heç bir müqavimət göstərməyən günahsız insanlara qarşı müasir silahlarla, hərbi texnika ilə zorakılıq edilməsi, qocalara, qadınlara, uşaqlara olunmuş təcavüz kimi qiymətləndirilir, SSRİ rəhbərliyi ilə yanaşı, respublika rəhbərliyinin də böyük günahı olduğu vurğulanır və cinayət məsuliyyətinə cəlb edilmələri tələb edilirdi. Qərarda 20 yanvar günü hər il Naxçıvan Muxtar Respublikasında milli matəm günü kimi elan edilir və bu günün hər il Azərbaycan SSR-də də milli matəm günü kimi qeyd edilməsi haqqında respublika Ali Soveti qarşısında vəsatət qaldırılırdı.

Naxçıvanda qəbul edilən və böyük tarixi əhəmiyyət daşıyan bu qərarların qəbulundan sonra Azərbaycan SSR rəhbərliyi bəzi addımlar atdı. Azərbaycan SSR Prezidenti Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında 1990-cı il 29 noyabr tarixində fərman imzaladı.

Ali Sovetin sessiyasından bir neçə gün sonra, 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ali Məclisin sədri haqqında məsələ müzakirə edildi. Keçirilən çoxminli mitinqin və deputatların böyük əksəriyyətinin tələbi ilə Heydər Əliyevin Ali Məclisin Sədri seçilməsi məsələsi iclasın gündəliyinə daxil edildi. Kürsüyə qalxaraq razı olmadığını bildirsə də, sessiya iştirakçıları əksər səslə ulu öndər Heydər Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçdi. Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi Azərbaycanın mürəkkəb və ağır dövrünə təsadüf edirdi. Məsələ heç də keçmiş Sovetlər İttifaqı rəhbərliyinin ulu öndər Heydər Əliyevin timsalında nüfuzlu simasının kiçik bir əyalətə rəhbər seçilməsində deyildi. Beləliklə, ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu. Bundan əlavə, həmin tarixi hadisə ilə ulu öndər Heydər Əliyev, ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi.

Məhz ümummilli lider Heydər Əliyev şəxsiyyəti və bacarığı Naxçıvanı gözlənilən fəlakətlərdən qorudu və bu qədim diyarı düşmən əlinə keçmək təhlükəsindən xilas etdi. Azərbaycanın digər bölgələrində sovet ordusundan qalan silah-sursat dağıdıldığı, talan edildiyi bir vaxtda ulu öndər Heydər Əliyev Naxçıvandakı sovet qoşunlarının cəbbəxanasının bütünlükdə Muxtar Respublikanın dövlət orqanlarının nəzarəti altında təhvil-təslimini təmin etdi. Beləliklə, Naxçıvanda Azərbaycan Ordusunun ilk birləşmələri formalaşdı və Ermənistanın hərbi təcavüzünə qətiyyətli cavab verildi.

İqtisadi blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməklə bərabər, həm də iqtisadi problemlərin həllinə ciddi diqqət yetirib yeni həyat quruculuğuna başlamasında da Heydər Əliyevin önəmli rolu oldu. Naxçıvan MR-də dövlət müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə getmir, yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı.

Həmin dövrün xarakteristikasından - ölkədə o zamankı ictimai-siyasi vəziyyətdən bəhs edərkən mühüm bir məqama da nəzər salmaq məqsədəmüvafiqdir. Belə ki, ölkəmizdə hökm sürən mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması tarixi zərurət idi. Xalqın ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açıldı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin Sədrliyi ilə ötən müddət ərzində böyük inkişaf yolu keçib.

Qeyd edək ki, 1991-ci ilin oktyabrın 26-da keçirilən Naxçıvan Muxtar Respublikası Ali məclisinin sessiyasında Naxçıvanda 7 noyabr bayramının (keçmiş SSRİ-də keçirilən Oktyabr inqilabı günü) ləğv edilməsi haqqında da qərar qəbul olundu. Ümummilli lider Heydər Əliyevin Naxçıvandakı fəaliyyətində ən uğurlu cəhətlərdən biri də Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqında fərman verməsi oldu.

Naxçıvanın o ağır dövrdə Heydər Əliyevin nüfuzu sayəsində qurduğu beynəlxalq əlaqələri muxtar respublikanın mövcudluğu üçün bəlkə də yeganə vasitə idi. 1991-ci il 29 oktyabrda ulu öndər Heydər Əliyevin ciddi səyi ilə başa gəlmiş Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış müvəqqəti körpünün rəsmi açılış mərasimi olmuşdur. 1992-ci il 22-25 martda Türkiyədə Baş nazir Süleyman Dəmirəllə Türkiyə Cümhuriyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasına maliyyə, iqtisadi və texniki yardım göstərilməsi barədə, 100 milyon dollar məbləğində kredit ayrılması və hər il 100 tələbənin Türkiyədə təhsil almasını nəzərdə tutan birgə Əməkdaşlıq Protokolu imzalandı. 1992-ci il 28 mayda Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş “Ümid” körpüsünün açılışı oldu.

1992-ci il 22-26 avqustda Heydər Əliyev İran İslam Respublikasına səfər etdi, ali dini lider Ayətulla Xamneyi və İran İslam Respublikasının prezidenti Əli Əkbər Rəfsəncani və digər rəsmi şəxslərlə görüşdü. Bu səfərin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlığa dair protokolları imzalandı.

1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında, Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Bundan əlavə, Naxçıvan şəhəri yaxınlığında İstilik-Elektrik Stansiyası tikildi. İran İslam Respublikasından Culfa rayonuna, Türkiyə Respublikasının İqdır vilayətindən isə 92 kilometrlik bir məsafədən yüksək gərginlikli elektrik xətlərinin Naxçıvana çəkilməsi başa çatdırıldı ki, bu da Naxçıvanın elektrik enerjisinə olan ehtiyacını əsasən ödəmiş oldu.

Qeyd edək ki, bu gün də Naxçıvan MR dövlətlərarası əməkdaşlıqda yaxından iştirak edir. Azərbaycan-Türkiyə, Azərbaycan-İran əlaqələrində muxtar respublika aparıcı rol oynayır. Naxçıvan ölkəmizlə yaxından əməkdaşlıq edən xarici dövlətlər, beynəlxalq qurumlar üçün həm də cəlbedici region və etibarlı tərəfdaşdır. Avropa Şurası ilə əməkdaşlıq edən Naxçıvan MR-in səlahiyyətli nümayəndələri qurumun Yerli və Regional Hakimiyyətlər Konqresinin Regionlar Palatasında təmsil olunurlar.

Bəlli olduğu kimi, müstəqilliyin ilk illərində respublikamızda xaos, anarxiya yaranmış və daxili çəkişmələr özünün pik nöqtəsinə çatmışdı. Azərbaycan vətəndaş müharibəsi və parçalanmaq təhlükəsinin astanasında olarkən xalqımız 1993-cü ildə Azərbaycan dövlətini xilas etmək üçün ümummilli lider Heydər Əliyevə üz tutdu. O zaman ölkəyə “rəhbərlik” edən qüvvələr də Azərbaycanı məruz qoyduqları təhlükədən xilas etmək üçün ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini yeganə çıxış yolu kimi dəyərləndirirdilər. Beləliklə, iyunun 9-da ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi Azərbaycanın taleyi ilə bağlı narahatlıqlara son qoydu. Bu qayıdış xalqımızı fəlakətdən xilas etdi. Ümummilli Liderin Bakıya gəlməsi xəbəri xalq tərəfindən sevinclə qarşılandı. 1993-cü il iyunun 15-də isə Ümummilli Lider Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın yüksək etimadı ilə Azərbaycan Prezidenti seçilən ümummilli lider Heydər Əliyev qısa zamanda özünün ümummilli maraqlara əsaslanan və ali dəyərlərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi.

Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bütövlükdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasət sahəsində görülən işlər, əldə edilən nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasını təmin edib. Azərbaycan cəmiyyəti Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda əldə edilmiş möhkəm ictimai-siyasi sabitliyi və sürətli iqtisadi inkişafı perspektiv tərəqqinin əsası kimi dəyərləndirir. Ölkə əhalisi arasında aparılan müxtəlif sosioloji tədqiqat və sorğuların nəticələri Azərbaycanda vətəndaşların dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətə mütləq inam və etimad bəslədiyini göstərir.

Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və bundan doğan regionda yaranan reallıqlardır. Bundan əlavə qeyd edək ki, regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malikdir. Şübhəsiz, bütün bunların əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!

DİGƏR Xəbərlər Arxiv