YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunda Şəhid Elnur İbrahimovun xatirəsi anılıb

Qaradağ rayonunda 44 günlük Vətən müharibəsində igidliyi ilə tarix yazan qəhrəman oğullardan biri olan şəhid İbrahimov Elnur Dönməz oğlunun doğum günü qeyd olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Həsrət Almasov, şəhid ailələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri Ələt qəsəbəsində şəhidin adına salınmış parkda təşkil olunan anım mərasimində iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Milli Məclisin deputatı Aydın Hüseynov 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin fədakarlığı nəticəsində əldə olunan şanlı Zəfərdən bəhs edib.

YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev şəhid Elnur İbrahimovun keçdiyi şərəfli döyüş və qəhrəmanlıq yolundan danışıb.

Digər çıxış edənlər şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar.

Sonda 127 saylı tam orta məktəbin müəllim və şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya təqdim olunub.

Şəhidin valideynləri Dönməz İbrahimov və Ruhəngiz İbrahimova göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Elnur İbrahimov 2020-ci il oktyabrın 21-də Zəngilan uğrunda gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur İbrahimov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.