YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın inkişaf və tərəqqi yolunun başlanğıcı

Bəxtiyar Mustafayev

YAP Mingəçevir şəhər təşkilatı sədrinin müavini

Sovetlər imperiyasının dağılmağa başladığı dövrdə Azərbaycanın hər yerində olduğu kimi Naxçıvanda da ciddi böhran yaşanırdı. Bir tərəfdən ermənilərin hərbi təcavüzü, digər tərəfdən kommunikasiya əlaqələrinin kəsilməsi Naxçıvanı blokadaya salmışdı. Mərkəzi hakimiyyətin biganə münasibəti çıxılmaz vəziyyət yaratmışdı. Belə bir dövrdə dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin Naxçıvanda xalqla birlikdə olması Naxçıvanın həyatında ciddi dönüşə səbəb oldu.

Xalqın təkidli tələbi il Naxçıvan Ali Sovetinə deputat seçilən Heydər Əliyev 1990-cı il noyabrın 17-də Ali Məclisin sessiyasında iclasa sədrlik edir. Təbii ki, o dövrdə hələ də sovet idarə-üsulu qalırdı və kommunistlər onun sədrlik etməsini istəmirdi. Lakin deputatların təkidli tələbi ilə Ulu Öndərin sədrliyi ilə sessiya öz işinə başladı. Sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı. Və bu məslələrin müzakirəsi nəticəsində qəbul edilən qərarlar milli qurtuluşun əsasını qoymuş oldu. İlk qərarla “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı və bununla da Sovet imperiyasından qopma prosesinin təməli atılmış oldu. Müstəqilliyə gedən yolun çətin, gərgin mübarizədən keçəcəyini bilən ulu öndər Heydər Əliyev hər bir qərarın qəbulunda milli mənafeyə xidmət edən nüanslara ciddi fikir verirdi. Elə həmin sessiyada ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi və ilk dəfə Naxçıvan Parlamentinin üzərində indiki dövlət bayrağımız dalğalanmağa başladı.

14 dekabr 1990-cı ildə keçirilən sessiyada yeni ittifaq müqaviləsinə münasibət müzakirə olunurdu. Heydər Əliyev məsələyə münasibət bildirərək qeyd etdi ki, "Mən yeni ittifaqa daxil olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır..." Bununla da Naxçıvan Muxtar Respublikası ittifaq müqaviləsinə dair referendumda iştirak etməyəcəyini bəyan edərək, müstəqilliyə doğru ümumxalq mübarizəsinin lokomotivinə çevrildi.

1991-ci il sentyabrın 3-də xalqın və deputatların tələbi ilə keçirilən sessiyada ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçildi. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açıldı.

Fenomen şəxsiyyət Naxçıvanda milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Naxçıvanda daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələri əsasında qurmağa başladı. Blokada şəraitində yaşayan Naxçıvanın problemlərinin həlli istiqamətində atılan addımlar, beynəlxalq əlaqələrin qurulması, Azərbaycan-Türkiyə, Azərbaycan-İran münasibətlərinin yeni müstəviyə keçirilməsi qismən də olsa blokadanı aradan qaldırmağa imkan verdi.

Ulu Öndər Heydər Əliyev Ali Məclisin Sədri vəzifəsinin icrasına başlayandan cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edildi. Bu qərar Naxçıvanın müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların Muxtar Respublikada saxlanılması təmin olundu. Əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və Ulu Öndərə olan sonsuz inamı nəticəsində Muxtar Respublikada ilk milli ordu birləşmələri yaradıldı, Naxçıvanın müdafiə potensialı yaxşılaşdırıldı, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası ilk dəfə məhz Naxçıvanda qoyuldu.

Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu

Azərbaycançılıq məfkurəsini qətiyyətlə və ardıcıl inkişaf etdirən Ulu Öndər vahid milli ideologiyanın xalqın tərəqqisində oynadığı rolu yüksək dəyərləndirirdi. Onu rəhbərliyi və birbaşa təşəbbüsü ilə 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli birliyin, həmrəyliyin keşiyində dayanan, mütərəqqi düşüncəli, dövlətə və xalqa bağlı olan, fərqli siyasi baxışlar arasında körpü rolunu oynamaqla cəmiyyəti qütblərə parçalanmaqdan qorudu. Bu gün dahi liderin Azərbaycan tarixində əbədi və silinməz yeri tarixə qızıl hərflərlə yazılır. onun yaratdığı siyasi məktəb əminlik yaradır ki, bu siyasət uzun illər ölkəmizdə davam edəcək və Azərbaycanın inkişaf və tərəqqi yolunu aydınladacaqdır.