YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Türkiyənin Zəfər bayramı qeyd edilib

Avqustun 30-da Türkiyənin Azərbaycandakı səfirliyində qardaş ölkənin Zəfər bayramı münasibətilə rəsmi qəbul təşkil edilib.

Tədbirdə əvvəlcə iki ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 30 Avqust - Zəfər Bayramı münasibətilə təbrik məktubunu oxuyub.

Səfir Türkiyə Respublikasının qurulduğu gündən bu günədək terror təşkilatlarına qarşı mübarizəsini qərarlılıqla davam etdirdiyini bildirib. O, türk xalqının və Türkiyə Silahlı Qüvvələrinin Mustafa Kamal Atatürkün rəhbərliyi ilə 1922-ci il avqustun 30-da tarixi zəfər qazandığını qeyd edib.

“Zəfərin nə olduğunu şübhəsiz, qardaş Azərbaycan yaxşı bilir. Qarabağın 30 illik işğalı Türkiyənin siyasi və mənəvi dəstəyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində Qələbə ilə yekunlaşıb”, - deyə Cahid Bağçı diqqətə çatdırıb.

Türkiyənin son illərdə inkişaf edərək dünyada böyük güc mərkəzinə və söz sahibinə çevrildiyini vurğulayan səfir ölkəsinin mühüm beynəlxalq məsələlərin həllində fəal iştirak etdiyini vurğulayıb. Bu xüsusda koronavirusa qarşı mübarizədə, dünyada taxıl qıtlığı böhranının və digər problemlərin həllində mühüm rol oynadığını diqqətə çatdırıb.

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev qardaş türk xalqını və Türkiyə Silahlı Qüvvələrinin bütün şəxsi heyətini 30 Avqust - Zəfər Bayramı münasibətilə təbrik edərək bildirib ki, yüz il əvvəl qazanılmış bu Zəfər Türkiyənin şanlı tarixinin ən parlaq qələbələrindəndir.

Baş Qərargah rəisi qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə bütün istiqamətlərdə, o cümlədən müdafiə sahəsində də uğurla inkişaf edir. Qardaş ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəyə çatmasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var.

Ölkələrimiz arasındakı tarixi, dini və mədəni əlaqələrin hərbi sahədə mövcud əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaratdığını vurğulayan general-polkovnik Kərim Vəliyev deyib: "Hazırda Azərbaycan Ordusunun müasir ordu modelinə, xüsusilə də Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılır. Ölkələrimiz arasındakı qarşılıqlı hərbi əməkdaşlıq birliyimizi daha da möhkəmləndirir. Bu birlik regionda əmin-amanlığın və sabitliyin qorunmasına töhfə verir".

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Zəfər bayramı münasibətilə Türkiyəni təbrik edib, bu qələbənin Türkiyənin bu günü və gələcəyi üçün güclü zəmin yaratdığını bildirib. O, əsrlərə söykənən dövlətçilik tarixi ilə qardaş Türkiyənin bu gün beynəlxalq arenada mühüm rol oynadığını, Türkiyənin bir çox qlobal məsələlərin həll edilməsində etibarlı vasitəçilik rolu olduğunu vurğulayıb.

Nazir müavini torpaqlarımızın işğaldan azad olunması dövründə bütün təzyiqlərə baxmayaraq, Türkiyənin ölkəmizin haqq səsinin eşidilməsi üçün daim dəstək göstərdiyini diqqətə çatdırıb. Türkiyənin haqqın tərəfində olduğunu deyən E.Məmmədov qardaş ölkənin bizə göstərdiyi dəstəyin xalqımız tərəfindən hər zaman xatırlanacağını bildirib.

Nazir müavini, həmçinin Şuşa bəyannaməsinin imzalanması ilə ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini qeyd edib. O, ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlığın davam etdirildiyini diqqətə çatdırıb.

Sonda Türkiyənin milli müdafiə naziri Hulusi Akarın, Türk Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerin, Quru Qoşunları Komandanı ordu generalı Musa Avseverin, Hərbi Dəniz Qüvvələrinin Komandanı admiral Adnan Özbalın, Hərbi Hava Qüvvələrinin Komandanı ordu generalı Atilla Gülanın təbrik videomüraciətləri nümayiş etdirilib.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.