YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Qazaxıstan əməkdaşlığının mühüm elementləri

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Prezident İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri böyük əhəmiyyət daşımaqla, iki ölkə arasında mövcud əməkdaşlığın inkişafına mühüm töhfədir. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin böyük perspektivlərini bir daha göstərdi.

Azərbaycan və Qazaxıstan münasibətləri dərin köklərə, güclü əsaslara malikdir. Çünki hər iki ölkənin xalqlarının etnik, dini və mədəni dəyərləri, eyni zamanda, tarixi ortaqdır. Azərbaycan Prezidenti İlham Əliyev son 19 ilə yaxın dövr ərzində türk dünyasının birliyinə böyük töhfələr verib. Onun səyləri nəticəsində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərinə çevrilib. Ümumilikdə türk dünyasının birliyi, həmrəyliyi Azərbaycanın əsas çağırışları sırasında yer tutur.

Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, dövlət başçısının Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin - işğaldan azad edilmiş Füzuli şəhərində tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir.

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanıb. Bu qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə ciddi kömək edəcək. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmək lazımdır. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Aparılan danışıqlar, imzalanməş sənədlər ümumilikdə göstərir ki, Azərbaycan-Qazaxıstan əməkdaşlığı yeni mərhələyə qədəm qoyur.

Bu gün Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var. Bu infrastrukturun yaradılması üçün həm Qazaxıstanda, həm də Azərbaycanda vaxtında tədbirlər görülüb.

Beynəlxalq səviyyədə Azərbaycan-Qazaxıstan əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək.  Bu gün Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd edilir. Bu illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və bərabərlik prinsipi mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirib. Ölkələrimizi ortaq tarixi köklər və ortaq mədəniyyətlə bərabər, yenilməz əzm və mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirmək səyləri birləşdirir. Bunun nəticəsidir ki, regionda aparıcı mövqe tutan Azərbaycan və Qazaxıstan birgə layihələrini müvəffəqiyyətlə həyata keçirirlər.