YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi

Ayaz Quliyev

YAP Xızı rayon təşkilatının sədri

Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət nəticəsində bu gün Azərbaycanın dünya dövlətləri ilə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq münasibətləri yüksək səviyyədə qurulur, istər siyasi, istər iqtisadi, istərsə də hərbi sahədə əlaqələr daha da genişlənir, yeni istiqamətlər müəyyənləşir. Bu münasibətlər qarşılıqlı inam və hörmət prinsipləri əsasında günü-gündən inkişaf etdirilir.

Azərbaycan qarşılıqlı hörmət prinsipləri əsasında tam müstəqil xarici siyasət həyata keçirir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın beynəlxalq arenada nüfuzu möhkəmlənib, dostlarının, strateji tərəfdaşlarının və müttəfiqlərinin sayı artıb, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanınması təmin edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfərinin olduqca böyük əhəmiyyəti var. Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü və imzalanmış sənədlər iki ölkə arasında bütün sahələrin inkişafı üçün geniş perspektivlərin olduğunu göstərir. Xüsusilə iki ölkə arasında imzalanmış "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə"ni xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyevin bildirdiyi kimi, ölkələrimiz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqdir. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur, eyni zamanda, əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və həmçinin, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi əsas rol oynayacaq.

Bəyannamə ilə yanaşı iki ölkə arasında 20-dən artıq sənəd imzalanıb ki, bu sənədlər də ikitərəfli əməkdaşlıqda yeni səhifə açır və ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsindən xəbər verir. Sözsüz ki, Azərbaycan-Qazaxıstan arasında münasibətlərin yüksəldilməsi, əlaqələrinin müttəfiqlik səviyyəsinə çatması hər iki ölkənin dövlət başçılarının əlaqələrimizin inkişafına verdiyi önəmin, göstərdikləri diqqətin nəticəsidir.

Əminliklə demək olar ki, dərin tarixi köklərə malik olan Azərbaycan-Qazaxıstan münasibətləri bundan sonra yüksək sürətlə inkişaf edəcək, xalqlarımız arasında mövcud olan dostluq əlaqələri daha da möhkəmlənəcək.