YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalibiyyətimizin növbəti mərhələsi

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin son 200 ilində görünməmiş, misilsiz qələbəyə imza atan müzəffər ordumuzun qalibiyyətinin nəticələri öz bəhrəsini verir. Bu baxımdan, 26 avqust 2022-ci ildə Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhəri, rayonun Zabux və Sus kəndlərini nəzarətə götürməsini qalibiyyətimizin növbəti mərhələsi kimi qiymətləndirmək olar. Laçının 30 illik işğaldan sonra tam şəkildə Azərbaycanın nəzarətinə keçməsi haqqında müjdəli xəbərin Azərbaycan Prezident tərəfindən sosial şəbəkələrdən xalqımıza və bütün dünyaya elan edilməsi bizlərə ikiqat sevinc bəxş etdi.

Sözsüz ki, Vətən müharibəsindəki qələbənin nəticəsi olaraq imzalanan üçtərəfli Bəyanata uyğun şəkildə iki ilə yaxındır Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarətində olan Laçın şəhəri və rayonun bir neçə kəndi yeni yolun inşası başa çatandan sonra təhvil verilməli idi. Lakin iki il keçməsinə baxmayaraq, Ermənistan tərəfi yeni yol çəkilməsi ilə məşğul olmamış, əvəzində həmin yaşayış məntəqələrində qeyri-qanuni məskunlaşmış erməniləri burada yaşayacaqları barədə arxayın salmışdılar. Üstəlik, Azərbaycan tərəfi yeni yolun çəkilişini başa çatdırdığı halda ermənilər Rusiya Federasiyasının sülhməramlı kontingentinin yerləşdiyi ərazilərdə təxribat törətməklə məşğul olurdular. Avqustun əvvəlində Azərbaycan Ordusunun həmin təxribatlara cavab olaraq, həyata keçirdiyi “Qisas” əməliyyatı düşmənin bütün niyyətlərini puça çıxardı.

Son nəticədə qalib dövlətin rəhbərinin qətiyyəti sayəsində iki il əvvəl imzalanmış üçtərəfli Bəyanatın müvafiq müddəalarına uyğun olaraq Azərbaycanın suveren ərazilərinin təhvil verilməsi, Laçının Vətənə qovuşması baş tutdu. Onu da qeyd edək ki, 1992-ci ilin mayında Laçın rayonunun mərkəzinin işğalı digər rayonların ələ keçirilməsinə də şərait yaratdığı üçün xalqımız tərəfindən böyük itki kimi qiymətləndirilirdi. Çünki strateji cəhətdən mühüm önəmə sahib olan Şuşa və Laçının 10 gün müddətində ələ keçirilməsi ilə düşmən Qarabağ ərazisini hərbi poliqona çevirdi. Belə ki, Laçın dəhlizi ilə Ermənistan qanunsuz yolla digər ölkələrdən əldə etdiyi (bir çox hallarda pulsuz olaraq) silah və ağır hərbi texnikanı Azərbaycan ərazisinə daşıdı və daha 6 rayonu işğal etdi, 1 milyona yaxın soydaşımız öz torpağında məcburi köçkün həyatı yaşamağa məhkum oldu. Məhz qeyd edilənləri nəzərə alaraq, demək olar ki, Laçının strateji əhəmiyyəti olduqca böyükdür və rayon mərkəzinin 30 ildən sonra Azərbaycanın nəzarətinə keçməsi, Laçının “düşmənə dəhliz olmaq” statusundan xilas edilməsi ilə xalqımız daha bir qürurverici tarixi an yaşadı.

1992-ci ildə hakimiyyət uğrunda mübarizəyə başı qarışan siyasi qüvvələrin hərbi texnika və döyüşçüləri Bakıya çəkərək Laçının işğalına şərait yaratması xalqımızın tarixində nə qədər ağrılı hadisə və “qara ləkə” idisə, rayon mərkəzinin və Laçın yolunun heç bir itki verilmədən müzəffər Azərbaycan Ordusunun nəzarətinə keçməsi o qədər şərəfli tariximizdir. Bunu düşmənlərimiz dərk edir və son bir ay ərzində, xüsusilə Ermənistandakı revanşist qüvvələr əsassız ittihamların səsləndirildiyi etiraz aksiyaları ilə prosesin qarşısını almağa cəhdlər edirdilər. Təsadüfi deyil ki, həmin revanşist qüvvələrin başında əsasən 30 il əvvəlki işğalı həyata keçirən, bütün beynəlxalq qanunları pozaraq orada qeyri-qanuni məskunlaşma aparan keçmiş hakimiyyətin tör-töküntüləri dayanır. Çox güman ki, onlar orada hərbi cinayət törətdiklərinə görə məsuliyyətə cəlb olunmayacaqlarını və cəzasız qalacaqlarını zənn edərək, yaxud hərbi cinayətlərini ört-basdır etmək məqsədilə hay-küy kampaniyası aparmaqdan da əl çəkmirlər. Üstəlik, məhz onların təxribatçı və təhrikedici fəaliyyətinin nəticəsi olaraq, son iki ildə əsl sahiblərinin məcburi köçkün həyatı yaşadıqlarını bilə-bilə özgənin torpağında yaşamağa davam edən qeyri-qanuni məskunlaşmış əhali təkcə yaşadıqları evləri deyil, meşələrə də od vuraraq növbəti cinayətə əl atmışlar. Sözsüz ki, bu cinayətlərin icraçıları və sifarişçiləri mütləq cavab verəcəklər.        

Bütün bunlara baxmayaraq, işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Laçın və rayonun yaşayış məntəqələrində də yenidənqurma işləri həyata keçiriləcək və Böyük Qayıdış çərçivəsində laçınlılar da öz doğma yurdlarına dönəcəklər. Artıq bu istiqamətdə işlər görülməsi üçün dövlət başçısı tərəfindən lazımi addımlar atılıb və müvafiq tapşırıqlar verilib.

Beləliklə, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında “Dəmir yumruq” kimi birləşən xalqımız Laçın şəhərinin də tam şəkildə işğaldan azad edilməsi prosesində yekdilliklə dövlət başçısının qətiyyətli addımlarına dəstək verdi. Çünki Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün mühüm addımlar atılması, müzəffər ordumuz tərəfindən 30 ildən çox işğal altında olan torpaqlarımızın nəzarətə götürülməsi Vətən müharibəsinin nəticəsindən yaranan reallıqlardan qaynaqlanır. Buna görə də Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilməsi çərçivəsində qüdrətli Azərbaycanın tarixi qalibiyyətinin növbəti mərhələsi olan Laçının nəzarətə götürülməsi, onun Vətənə qovuşdurulması xalqımız tərəfindən yüksək qiymətləndirilir.