YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan hər zaman etibarlı tərəfdaşdır

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri                       

Bu il Qazaxıstan və Azərbaycan diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edir. Düz 30 il əvvəl, yəni 1992-ci il avqustun 27-də iki ölkə arasında diplomatik münasibətlər qurulub. Azərbaycan və Qazaxıstan müstəqilliyini qazandığı gündən etibarən regionda və beynəlxalq aləmdə bir-birinə dəstək verən iki strateji tərəfdaşdır. Çünki adət-ənənələrimiz, dilimiz, dinimiz bizim xalqlarımızı bir-birinə əbədi birləşdirib.

Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər də qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər barədə aydın təsəvvür yaradır. Səfər zamanı diqqətçəkən mühüm hadisələrdən biri də Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi oldu. Göründüyü kimi, Prezident İlham Əliyevin türk dünyasının birliyinə, həmrəyliyinə verdiyi töhfələr türk liderləri tərəfindən hər zaman yüksək qiymətləndirilir.

Onu da vurğulamaq lazımdır ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. 19 oktyabr 1994-cü ilədə türkdilli ölkələrin dövlət başçılarının ikinci zirvə görüşündə iştirak edən ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək, iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər. Hələ ötən əsrin 90-ci illərindən etibarən Qazaxıstanda bir sıra Azərbaycan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Bu ölkədə yaşayan azərbaycanlılar elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrdə önəmli mövqelərə malikdirlər. Qazaxıstanda yaşayan azərbaycanlılar ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edir, ölkənin inkişafına öz töhfələrini verirlər. İki ölkə arasında yanacaq-energetika, nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, miqrasiya, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir.

Bu siyasət Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra da uğurla davam etdirilir. Belə ki, 2004-cü ildə iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamə imzalandı. Bu bəyannaməyə əsasən tərəflər arasında münasibətlər strateji xarakter daşıyır. Xüsusən qlobal sistemə baxış, regional təhlükəsizliyə ortaq mövqe, beynəlxalq təşkilatlarda əməkdaşlıq, enerji və nəqliyyat sahəsində ortaq layihələr bu bəyannamədə öz əksini tapır.

Diaspora sahəsində də Qazaxıstan Xalqları Assambleyası və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi arasında sıx əməkdaşlıq var. Hər iki dövlətin nümayəndə heyəti bu əməkdaşlığı gücləndirmək üçün mütəmadi olaraq görüşlər təşkil edir. İnanırıq ki, iki dövlət arasında münasibətlər bundan sonra da yüksələn xətlə inkişaf edəcək.