YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qanunsuz məskunlaşma aparılması müharibə cinayətlərinin növbəti təzahürüdür

Azərbaycan və Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş razılığa əsasən ölkəmiz yüksək keyfiyyətlə və qısa müddətdə Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisini başa çatdırdı. Bu da dövlətimiz tərəfindən götürülmüş öhdəliklərin, o cümlədən üçtərəfli Bəyanatın icrasına yanaşmanın bariz nümunəsidir. Yeni yolun tikintisi ilə birlikdə Laçın şəhəri, eləcə də Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması bu ərazilərdən didərgin salınmış on minlərlə məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış hüququnun təmin olunmasına şərait yaradır. Bu proses də ümumilikdə münaqişədən sonrakı normallaşma üçün mühüm addım olacaq.

Bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov söyləyib.

Deputat qeyd edib ki, yeni yolun inşası ilə bağlı Azərbaycan tərəfindən ardıcıl və sürətli addımlar atıldığı halda, Ermənistanın ərazisindən keçən hissənin tikintisinin vaxtının uzadılması bu ölkənin öz öhdəliklərinin icrasına necə yanaşdığını göstərir. Azərbaycan isə hər zamankı kimi konstruktivlik nümayiş etdirir.

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolu öz növbəsində erməni əhalisinin yeni marşrutdan problemsiz istifadəsinə imkan yaradacaq. Göründüyü kimi, bir tərəfdə Azərbaycan öz öhdəliklərinə məsuliyyətlə yanaşaraq münasibətlərin normallaşması, sülhün və əmin-amanlığın təminatı üçün addımlar atır. Bunun əksinə olaraq, Ermənistan Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəlişə süni maneələr yaradır. Belə ki, Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyin icrasından boyun qaçırmaqda davam edir.

“Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi zamanı yerli erməni əhali ilə azərbaycanlıların təmasları olub. İnşaat prosesinin mühüm bir hissəsi isə Rusiya sülhməramlı kontingentinin müşayiəti olmadan aparılıb ki, bu da azərbaycanlı və erməni əhali arasında birbaşa təmasın və birgə fəaliyyətin mümkünlüyünü nümayiş etdirir. Yerli erməni əhalisi yeni yolun fəaliyyətə başlamasına razı olduğu təqdirdə, məhz Ermənistan hökuməti növbəti ilin sonuna qədər bunu təxirə salmaq üçün cəhdlər göstərirdi”, - deyə M. Cəfərov vurğulayıb.

O əlavə edib ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun fəaliyyətə başlaması ilə Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana qaytarılması, ilk növbədə, beynəlxalq hüququn, ədalətin bərpasıdır. Eyni zamanda, Azərbaycan Ermənistanın işğalı nəticəsində didərgin salınmış on minlərlə məcburi köçkünün tezliklə öz doğma yurdlarına qaytarılmasını reallaşdıracaq.

Laçın şəhəri, Zabux və Sus kəndlərində işğal dövründə qanunsuz məskunlaşmanın aparılması Ermənistanın müharibə cinayətlərinin növbəti təzahürüdür. Həmçinin qanunsuz məskunlaşdırma Cenevrə Konvensiyalarının ciddi pozuntusu, müharibə cinayəti olmaqla bərabər, Ermənistan üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Biz bütün beynəlxalq təşkilat və qurumlardan Ermənistanın bu addımlarına qarşı bəyanatlarla çıxış etməsini gözləyirik. Çünki Ermənistanın bu əməlləri hər şeydən əvvəl dünyanın demokratik ölkələri tərəfindən qəbul olunmuş beynəlxalq hüquqi statusa malik olan konvensiyaların pozulması, heçə sayılması deməkdir.