YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qətiyyətlə tələb edir

Misirin “Əl Diplomasi”, “Rayətmisr”, “Yeni dünya xəbərləri” portalları və “Asia Əl Yom” agentliyinin saytında Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın əsassız ittihamlarını qətiyyətlə rədd edən məlumatı haqqında ölkəmizin Misirdəki səfirliyinin mətbuata açıqlaması yayımlanıb.

Məlumatda Ermənistan XİN-in Azərbaycanı üçtərəfli Bəyanatı pozmaqda ittiham etməsinin riyakarlıqdan başqa bir şey olmadığı bildirilib. Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Azərbaycan tərəfi Ermənistan tərəfindən üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarının yerinə yetirilmədiyi, xüsusilə də erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazilərindən çıxarılmadığını dəfələrlə bəyan edib. Üçtərəfli Bəyanatın 4-cü maddəsinə əsasən “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”.

Məlumatda bildirilib ki, qeyri-qanuni erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərində mövcudluğuna dair Azərbaycan tərəfində olan çoxsaylı dəlillərə əlavə olaraq, bu fakt erməni rəsmiləri tərəfindən də etiraf edilib. Belə ki, Ermənistan silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini Saak Saakyanın bu il iyunun 29-da hərbi xidmətə çağırılan vətəndaşların valideynləri ilə görüşdə “Qarabağ bölgəsində müddətli erməni hərbi xidmətçilərinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyinə” dair söylədikləri, habelə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın 19 iyul 2022-ci il tarixli müsahibəsində “Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması bu ilin sentyabr ayında başa çatacaq” söyləməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir.

Səfirliyin açıqlamasında vurğulanıb ki, son gərginliyə səbəb qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atması olub. Belə ki, avqustun 3-də Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir.

Məlumatda daha sonra qeyd olunub: “Üçtərəfli Bəyanatın 6-cı bəndinə istinad edərək, Azərbaycanı müvafiq müddəanın pozuntusunda ittiham edən Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, Laçın dəhlizi üzrə yeni yolun inşası razılaşdırılmış marşrut üzrə artıq uzun aylardır ki, gedir və Ermənistan tərəfi bu yol ilə bağlı kifayət qədər məlumatlıdır. Əgər Ermənistan tərəfi üçtərəfli Bəyanatın digər müddəaları kimi bu öhdəliyin də həyata keçirilməsini müxtəlif bəhanələrlə ləngitmək məqsədini güdürsə, bu, bir daha Ermənistanın qeyri-konstruktiv və üçtərəfli bəyanatların və digər razılaşmaların icrasına münasibətdə pozucu fəaliyyətinin bariz nümunəsidir.

Bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli Bəyanatın tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir”.